İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. Yayım Şurasının sədri, akademik Teymur Kərimli bildirib ki, gündəlikdə 2023-cü il ştat cədvəlinə dəyişikliklər edilməsi və Hüquq departamentinə direktor təyin olunması barədə məsələlərə baxılması nəzərdə tutulub.

Heftelik.az-ın məlumatına görə, şirkətin Baş direktoru Balakişi Qasımov ştat cədvəlində dəyişikliklər edilməsi zərurətindən danışıb və bildirib ki, məqsəd iş əmsalının daha da yüksəldilməsidir. Daha sonra Baş direktor təklif edib ki, Şirkətin Hüquq departamentinin Baş hüquqşünası Aytac İsmayılovanın həmin departamentin direktoru təyin olunmasına baxıla bilər. Sonra A.İsmayılovanın namizədliyi irəli sürülən vəzifədə görüləcək işlərdən bəhs edilib. Müzakirələr nəticəsində onun Hüquq departamentinin direktoru təyin olunması barədə qərar qəbul edilib.

İclasda cari məsələlər müzakirə edilib, Yayım Şurasının sədri Teymur Kərimli, Şura üzvləri – Zemfira Qafarova, Vüqar Zeynalov, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova öz fikir və təkliflərini səsləndiriblər.