Oktyabrın 10-da ölkəmiz növbəti beynəlxalq tədbirə ev sahibliyi edib. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib. Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində bu kimi nüfuzlu tədbirlərin keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir.
İlk növbədə qeyd edilməlidir ki, ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Azərbaycan əməkdaşlığa açıq ölkədir. Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi də bu baxımdan əlamətdar hadisədir.
Tədbirin əvvəlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub. Müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. Həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.
İƏT-in sədri qismində açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanın “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” mövzusuna əsaslanan sədrliyi dövründə ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslərə göstərilən dəstəyə və fəal iştirakçılığa görə təşəkkürünü bildirib. O, eyni zamanda, “İƏT Baxışı – 2025” sənədində də əks olunmuş regional bağlantıların inkişafı, iqtisadi transformasiya, “yaşıl enerji” kimi prioritetlərin bundan sonra da irəlilədəcəyinə inamını ifadə edib.
Daha sonra milli səviyyədə çıxış edən nazir ölkəmizin İƏT-ə sədrliyi dövründə təşkilatın digər regional və beynəlxalq platformalarla əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri qeyd edib. Ölkəmizin müxtəlif sahələr üzrə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğu, bu xüsusda Təşkilatın ixtisaslaşdırılmış iki qurumuna – İƏT Enerji Mərkəzi və İƏT Tədqiqat Mərkəzinə ev sahibliyi etməsinin müvafiq sahələr üzrə əməkdaşlığa verilən töhfənin göstəricisi olduğu bildirilib.
44 günlük Vətən müharibəsindəki şanlı Qələbə və daha sonra bu ilin sentyabrında 19-da keçirilən lokal xarakterli antiterror tədbirləri əticəsində əldə edilən uğurlan nəticəsində Azərbaycan xalqı ölkəmizin suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Qazanılan qələbə nəticəsində otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması sözün əsl mənasında beynəlxalq hüququn və ədalətin təntənəsi oldu.
Azərbaycan hər zaman sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Tədbirdə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb.
Qeyd edilib ki, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır. Bu tarixi fütsətdən Ermənitan istifadə etməlidir.
44 günlük Vətən müharibəindəki Qələbədən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalından azad edilən əzəli torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İşğaldan azad edilən şəhərlərin baş planları təsdiq edilib. Burada regionun beynəlxalq statusunu artıran layihələr həyata keçirilir. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilib, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilib. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir.
Bu ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində bizə dost və qardaş olan Özbəkistan və Qazaxıstanın təşəbbüsü ilə Füzuli şəhərində məktəb tikilib və yaradıcılıq mərkəzində tamamlama işləri aparılır. Bu daölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürüdür.
Qeyd edilib ki, 30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən islam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Bu dövr ərzində bu ərazilərdə mövcud 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir.
Hazırda işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Proqramı ölkəmizin Milli prioritetləri sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.
Erməni işğalından azad edilən ərazılərdə həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü