“Baku İnşaat” MMC fırıldaq işlərini yenə də davam etdirir.
Bunu Heftelik.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib.
“Baku İnşaat” MMC adlı fırıldaqçı şirkət hələ də sosial şəbəkələrdə “Biz sizin üçün yaşayırıq!”, “Mənzilləri tam təmirli formada təhvil veririk!” şüarları ilə reklam kampaniyasının davam etdirdiyini nəzərə çatdıran Rüfət Quliyev deyib ki, 6 ay əvvəl Milli Məclisin plenar iclasında çıxış edərək “Baku İnşaat” MMC adlı fırıldaqçı şirkət barəsində açıqlama verib. Bildirib ki, 10 aydan çoxdur ki, Axundov Azər İftixar oğlu ərizə ilə ona müraciət edib. Həmin vaxt “Baku İnşaat” MMC-nin müdiri olan Muradov Fərrux Əli oğlu qəbzlə pul alıb, ancaq kiçik bağ evində işlər yekunlaşmayıb, şirkət vətəndaşın 18 min manata yaxın pulunu mənimsəyib. Tikililəri yarımçıq qalmış zərərçəkmişlər məhkəməyə müraciət edib. Məhkəmə prosesinin uzun çəkəcəyi nəzərə alınaraq, həmin insanlar kredit, borc götürərək 75. kv.m ərazidəki həmin kiçik bağ evinin tikinti-təmir işlərini yekunlaşdırmağa çalışırlar.
“Baku İnşaat” MMC isə yenə fəaliyyətini davam etdirir, müxtəlif reklam kampaniyaları ilə yeni-yeni insanları aldadaraq pullarını mənimsəməyə çalışır: “Bu şirkət yenə insanları aldadır, pul yığır, iş görmə zamanı çatanda isə qaçırlar, şirkətin rəhbərlərini dəyişirlər. Bu fırıldaqçı şirkətdəkilərin hamısı bir-iri ilə qohumdur, bir-biri ilə əlaqəlidirlər. Bu şirkətlə bağlı işi hazırda məhkəmə prosesi davam edir. İnsanlar bilməlidirlər ki, “Baku İnşaat” MMC fırıldaqçılıqla məşğuldur, pulu alır, işi görmür, qaçıb gizlənirlər, heç məhkəməyə də gəlmirlər. Gəlib ya insanların pulunu qaytarsınlar, ya işi tamamlasınlar. Onu da nəzərə almaq lazımdır ki, insanların düşdüyü zərər günü-gündən artır. Çünki tikinti mallarının qiyməti artır”.
Rüfət Quliyev zərərçəkmiş insanların problemləri ilə bağlı ona müraciət etdiklərini, dəstək istədiklərini söyləyib: “Biz digər insanların da bu fırıldaqçı şirkətin qurbanı olmasının qarşısını almalıyıq”.