Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə davam etdirilir

Vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, araşdırma zamanı “Freco Company Group” MMC tərəfindən vətəndaşların əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, habelə “CRF-GROUP” MMC, “B.Sərdarov adına maşınqayırma zavodu” MMC, “Anar Food” MMC və müxtəlif fərdi sahibkarlar tərəfindən isə işçilərə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində qanunvericiliklə nəzərdə tutulmuş əmək hüquqlarının kobud şəkildə pozulması müəyyən edilib.

Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.