Hansı şəxslərin maddi daşıyıcılarda əksini tapmış daktiloskopik məlumatlarının onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək saxlanıldığı açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.

“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aşağıda qeyd olunan şəxslərin maddi daşıyıcılarda əksini tapmış daktiloskopik məlumatları onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək saxlanılır:

–  şəxsiyyət vəsiqəsi, habelə ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan Respublikasının vətəndaşları;

–  müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikasının vətəndaşları;

–  sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvləri;

–  mədən və şaxtalarda, dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar;

– cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslər;

– müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

– Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

–  Azərbaycan Respublikasında siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslər.