Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə xarici ölkələrlə, o cümlədən Pakistanla dostluq əlaqələrinin qurulması və strateji tərəfdaşlıq istiqamətində fəaliyyət gücləndirilib
Ulu öndər Heydər Əliyevin xarici siyasətinin önəmli cəhəti dövlətimizin beynəlxalq aləmə yüksək səviyyədə inteqrasiya olunmasını təmin etmək idi. “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir” deyən dahi liderin fikrincə, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir. Ümummilli liderin təşəbbüsü ilə beynəlxalq təşkilatlarla əməkdaşlı edildi, eyni zamanda xarici ölkələrlə dostluq əlaqələrinin qurulması və strateji tərəfdaşlıq istiqamətində fəaliyyət gücləndirildi. Bu baxımdan Pakistan İslam Respublikası ilə də çoxşaxəli münasibətlər quruldu. Azərbaycan-Pakistan tarixi əlaqələri xüsusi əhəmiyyətə malikdir. Belə ki, Pakistan ölkəmizin müstəqilliyini tanıyan (12 dekabr 1991-ci il), onunla diplomatik əlaqələr yaradan (9 iyun 1992-ci il) və Azərbaycanda səfirliyini açan (12 mart 1993-cü il) ilk müsəlman dövlətlərindən biridir. Ulu öndər Heydər Əliyev 23 avqust 2001-ci ildə Pakistan İslam Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş Faiz Məhəmməd Xosonun etimadnaməsini qəbul edərkən nitqində bildirib ki, Pakistan, Pakistan xalqı bizim üçün dost və qardaş ölkə, xalqdır. “Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdəndir”, – deyə ümummilli lider fikrini davam etdirib.
Pakistan və Azərbaycan arasındakı siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri üzrə əməkdaşlıq sıxlaşdırıldı. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə oldu. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, “Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə” bağlandı. Həmin zəfər zamanı Pakistan Prezidenti Fərrux Əhməd xan Leqari ilə Azərbaycan Milli Məclisi üzvlərinin görüşündə ulu öndər Heydər Əliyev geniş çıxış edərək Azərbaycan və Pakistan xalqlarının bənzər tarixi keçmişlərinin olduğunu deyib: “Pakistan xalqı ilə Azərbaycan xalqının tarixi keçmişində, adət-ənənələrində çox bənzərlik var və bizim bir dinə mənsub olmağımız xalqlarımızı daim bir-birinə yaxın edib. Bu gün bunların əsasında Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur”.
9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə oldu. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə bir sıra sənədlər imzalanıb. Ulu öndər Heydər Əliyev bildirirdi ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. Bütün bunlar Azərbaycanla Pakistanın ikitərəfli münasibətlərinin dərin tarixi köklərinin olmasından irəli gəlir. Çünki hər iki xalq bir-birinə qarşılıqlı hörməti bəsləyir və eyni dəyərlərə malikdir. Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə yaradılıb. Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 822 nömrəli ilk qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Müstəqillik illərində Azərbaycan-Pakistan əlaqələrinin inkişafı, müxtəlif sahələrdə münasibətlərimizin genişləndirilməsi istiqamətində çoxşaxəli addımlar atılıb. Ümumiyyətlə, Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir, dostluq münasibətləri daha da güclənir. Məhz bu güclü əlaqələrin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana öz dəstəyini göstərdi. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəkləyən Pakistan Vətən müharibəsi dövründən də Azərbaycanın yanında oldu. Hələ 2016-cı ildə qələbə qazandığımız Aprel döyüşləri zamanı qardaş ölkənin rəsmiləri Azərbaycana dəstək ifadə edən bəyanat yaymışdılar.
Ümumiyyətlə, 1993-cü ildə ulu öndərin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə, o cümlədən dövlətlərarası münasibətlərin qurulmasında ölkəmizin inkişaf perspektivlərini hazırlanıb və reallaşdırılıb. Onun ideologiyasının, siyasi kursunun davamı olaraq parçalanmaq təhlükəsində olan Azərbaycan bu gün dünyanın ən qabaqcıl ölkələrdən biridir. Bu gün biz, bütöv Azərbaycan xalqı və dünya azərbaycanlıları varlığımızı, müstəqilliyimizi, azadlığımızı azərbaycançılıq ideyasının yaradıcısı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinə borcluyuq. Azərbaycan xalqı bu xidmətləri heç zaman unutmayacaq. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilir. Bunu hazırda Azərbaycan-Paksitan münasibətlərində də görmək mümkündür. Ümumiyyətlə, Azərbaycan-Pakistan əlaqələri möhkəm təməllər üzərində qurulub. Daimi inkişaf edən siyasi əlaqələr bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəldilib. Vətən müharibəsində Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək də bu strateji tərəfdaşlıqdan, o cümlədən tarixi köklərə söykənən dostluqdan irəli gəlib.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi