Bu gün Fransanın qarnına sancı dolub, min oyundan çıxır. Prezident İlham Əliyevin diplomatik fəaliyyəti ilə tək erməni üzərində deyil, müxtəlif güclər üzərində qələbə çaldıq.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında vitse-spiker Fəzail İbrahimli deyib.

Deputat bildirib ki, xalqı dünyada tanıtdıran əsas məsələ ölkənin siyasətə təsir etmək imkanı olan fenomen tarixi şəxsiyyətlərə malik olmasıdır: “Müasir Azərbaycanın banisi, dünya siyasətində öz dəsti-xətti olan Heydər Əliyev məhz belə şəxsiyyətlərdən olub. Dövlətin gələcəyinin etibarlı əllərdə olmasını düşünərək İlham Əliyevi yetişdirdi. Bu gün dünya dövlət siyasətinin boy sırasında nəinki uca görünən, sözü, fikri, qəti mövqeyi olan ölkəmiz var. İlham Əliyev o zaman üçün bataqlıqda olan dövlətimizi bu gün dünyanın ən yüksək səviyyəsinə qaldıra bildi. 20 illik tarixin zirvəsi Vətən müharibəsindəki qələbə, tacı isə antiterror tədbirləri oldu. Tarixdə tərcümeyi-halımızın ən şərəfli səhifəsini düşmən üzərində qələbəni yazdıq. Biz dünya erməniçiliyinə qalib gəldik. İlham Əliyev ata-babalarımızın, eləcə də bizim uzun illər yaşadığımız acıları övladlarımıza ötürmədi. Bunu obrazlı desək, dəfn etməkdə olduğumuz böyük Ermənistan ideologiyasının tabutuna sonuncu mismarı vurduq. Bax, əsil həqiqət budur. Prezidentin bütün çıxışlarının sonunda dediyi “Qarabağ Azərbaycandır!” ifadəsinin arxasında əslində ciddi mesaj dayanır – “Alın ha, yana-yana qalın ha, bu Azərbaycandır, mən də onun Prezidenti!”.