“Premium Bank” 2023-cü ilin 9 ayı üzrə maliyyə hesabatlarını açıqlayıb.
Heftelik.az-ın məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində “Premium Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 96.4% artaraq 7 milyon 881 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 4 milyon 12 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 4.6% artaraq 23 milyon 998 min manat, faiz xərcləri isə 5.3% artaraq 7 milyon 827 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 13.6 milyon manata ( illik müqayisədə 5.8% çox ), qeyri-faiz xərcləri isə 23.4 milyon manata ( illik müqayisədə 13.5% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 6 milyon 350 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.8% və ya 1 milyon 373 min manat azdır. Bank ötən ilin yanvar-sentyabr ayları ərzində 7 milyon 723 min manat əməliyyat mənfəəti əldə etmişdi.
Cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 2.1% və ya 14.8 milyon manat azalaraq 677 milyon 356 min manata enib. Cari ilin ilk 9 ayında “Premium Bank”ının kredit portfeli (müştərilərə verilmiş kreditlər) 0.9% və ya 3.9 milyon manat azalaraq 433 milyon 26 min manata enib.
Bu dövrdə “Premium Bank”ın cəmi öhdəlikləri 496 milyon 713 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 2.5% və ya 12.9 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 9 ayında 3.3% və ya 15.1 milyon manat azalaraq 451 milyon 299 min manata enib.
2023-cü il oktyabr ayının 1-nə “Premium Bank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 1% və ya 1.9 milyon manat azalaraq 180 milyon 643 min manat təşkil edib.