Hesablama Palatası Dövlət Turizm Agentliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətində kənar dövlət maliyyə nəzarəti aparıb.
Heftelik.az-ın məlumatına görə, audit 01.01.2021-ci il tarixindən 31.12.2022-ci il tarixinədək dövrü əhatə edib.
Mövzunun seçilməsində sözügedən KDMN obyektində sonuncu auditlə 2017-ci ilə qədər olan fəaliyyət göstəricilərinin əhatə olunması, Azərbaycanın iqtisadiyyatının inkişafında turizmə verilən xüsusi diqqət, əvvəlki dövrlərdə keçirilmiş auditdə müəyyən edilmiş tərkib riskləri və təsbit edilmiş uyğunsuzluqların əhəmiyyəti, oxşar qurumlar arası təhlil ilə araşdırılmış ümumi xərc məbləğləri üzrə xüsusi çəkilər və bu kimi digər amillər nəzərə alınmışdır. Bu baxımdan aparılmış auditin məqsədi Cəmiyyət tərəfindən dövlət vəsaitinin və əmlakının idarə olunmasının, satınalmalarının həyata keçirilməsinin hüquqi aktlara uyğunluğunu, həmçinin maliyyə əməliyyatlarının uçotunun və maliyyə hesabatlılığının hüquqi çərçivəyə uyğunluğunu müəyyən etmək olmuşdur.
Auditlə əhatə olunmuş 2021-2022-ci illər ərzində Cəmiyyətin gəlirləri ümumilikdə 43,9 mln. manat, xərcləri isə 58,9 mln. manat məbləğində olmuşdur.
Auditlə əhatə olunmuş 2022-ci ildə faktiki hesablanmış əmlak vergisinin hesablanmalı əmlak vergisinə nisbətən azaldıldığı müəyyən edilmişdir. Belə ki, Cəmiyyətin balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyərinə əsasən 2022-ci il üzrə hesablanmalı əmlak vergisinin məbləğinin 2,6 mln. manat olduğunu nəzərə alaraq müvafiq dövr üçün vergi orqanına təqdim edilmiş Əmlak vergisinin bəyannaməsində əmlak vergisinin məbləği 1,4 mln. manat əks etdirildiyindən, dövlət büdcəsinə hesablanmalı 1,2 mln. manat məbləğində əmlak vergisi azaldılmışdır.
Cəmiyyətin işçilərinin sayı və balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri göstəricilərinə əsasən Vergi Məcəlləsinin tələblərinə uyğun Cəmiyyətin mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınması təmin edilməmiş, Bakı şəhəri üzrə DVX-nin Milli Gəlirlər Baş İdarəsində deyil, Qusar rayonu üzrə 3 saylı Ərazi Vergilər İdarəsində uçota alınmışdır.
Audit zamanı müəyyən edilmişdir ki, Cəmiyyətin tərkibində Qusar-Ləzə yolunun 29-cu km- də yerləşən Birləşmiş İstilik Elektrik Stansiyası fəaliyyət göstərir. Stansiyada “Azəriqaz” İstehsalat Birliyindən alınmış təbii qazdan istifadə edilməklə ümumi elektrik enerji gücü 10,5 mvt (10500 kvt) olan elektrik enerjisi istehsal edilməsinə baxmayaraq, Cəmiyyət tərəfindən “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin I hissəsinin tələbləri pozulmaqla elektrik enerjisinin istehsalı üçün aidiyyəti qurumdan icazə alınmamışdır.
Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 109.3-cü maddəsinin tələbləri pozularaq 2021-ci ildə işçi heyətinə istifadə olunan 401,0 min manat yemək xərcləri gəlirdən çıxılan xərclərə aid edilmişdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü “Əmək haqqı” maddəsinin 1. “Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur” bəndinin tələbləri gözlənilməmişdir. Belə ki, 11.01.2022-ci il tarixindən vəzifənin icrasına dair 1 nəfərlə mülki hüquqi müqavilə bağlanılmış, 15.03.2022-ci il tarixindən 29.04.2022-ci il tarixinədək həmin şəxs 14.03.2022-ci il tarixli əmrlə müvafiq vəzifəyə təyin olunmuş, lakin 15-31 mart aralığında vəzifə üzrə və mülki
hüquqi müqavilə üzrə ödəniş edilərək, müvafiq dövr üçün 4058,0 manat artıq vəsait (hesablanılmış) ödənilmişdir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 16.07.2013-cü il Q-17 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nın 2.44-cü “Əsas vəsaitlərin (fondların) və qeyri-maddi aktivlərin inventarizasiyası iki ildən bir, kitabxana fondunun inventarizasiyası beş ildən bir, digər aktivlərin isə inventarizasiyası ildə bir dəfə aparılır” bəndinin tələbinə əməl edilməmişdir. Cəmiyyətin aidiyyəti şöbəsinin təqdim etdiyi məlumata əsasən Cəmiyyətdə inventarizasiya komissiyasının yaradılması haqqında 09.02.2021-ci il tarixli və 12.04.2022-ci il tarixli əmrlər olsa da, aktivlərin və öhdəliklərin inventarizasiyası müvafiq illər üzrə aparılmamışdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30.01.2017-ci il tarixli Q-01 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 12.1-ci bəndinə əsasən “11. Torpaq, tikili və avadanlıqlar” maddəsində istifadə müddəti bir ildən artıq olan və istehsalda və ya mal-materialların çatdırılmasında, xidmətlərin göstərilməsində, habelə inzibati məqsədlər üçün istifadə edilməsi və digər tərəflərə icarəyə verilməsi üçün nəzərdə tutulan maddi aktivlərlə bağlı ümumiləşdirilmiş məlumatlar təqdim olunur. Torpaq, tikili və avadanlıqların tanınma meyarına cavab verən aktivlər ilkin olaraq ilkin dəyəri ilə uçota alınır. Cəmiyyətin audit qrupuna təqdim etdiyi əsas vəsaitlər üzrə 2020-ci ildə istismara verilmiş 12 adda 35 ədəd əsas vəsaitin ilkin dəyərinin cəmi 74,0 min manat təşkil etməsi şəraitində ilin sonuna, yəni, 01.01.2021-ci il tarixinə həmin əsas vəsaitlərin qalıq dəyərləri əsassız olaraq 46,3 min manat azaldılaraq 27,7 min manat əks olunmuşdur.
“Sərnişindaşıma, yükdaşıma və ağır texnika xidmətləri”nin satınalınması üçün 28.07.2020-ci il tarixində 969,0 min manat məbləğində (açıq tender) müqavilə bağlanmış və həmin müqavilə üzrə 2020-ci ildə 366,2 min manat, 2021-ci ildə isə 280,9 min manat vəsait ödənilmişdir. 2021-ci ildə keçirilmiş satınalma proseduru zamanı podratçının Cəmiyyətə təqdim etdiyi məlumatda müvafiq xidmətlərin göstərilməsi üçün şirkətin balansında nəqliyyat vasitələrinin olmadığı və satınalmada qeyd edilən xidmətləri icarə əsasında yerinə yetirəcəyi qeyd edilmişdir. Lakin podratçının 2021-ci ilin “Mənfəət vergisi bəyannamə”sində “əməkhaqqı və ona bərabər tutulan ödəmələr” üzrə cəmi xərcləri 10,3 min manat (maksimum 3 işçi) olduğu, “Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri” və “icarə haqqı” xərcinin olmadığı müəyyən edilmişdir. Eyni zamanda, auditin gedişində sərnişindaşımanın həyata keçirilməsi vəziyyəti araşdırılarkən 2021-2022-ci illər ərzində Cəmiyyətin ərazisində sərnişindaşıma xidmətinin bir avtobus vasitəsilə yerinə yetirildiyi (sürücünün bildirdiyi məlumatlarla) müəyyən edilmişdir. Müqavilədə və işlərin yerinə yetirilməsi üzrə təsdiq edilmiş təhvil-təslim aktlarında 2021-ci ildə Cəmiyyətin ərazisində xidmət göstərən avtobusların sayı 6 ədəd göstərilməklə (1 avtobusun faktiki xidmət göstərdiyi nəzərə alınmaqla) 19,2 min manat məbləğində vəsaitin podratçıya ödənildiyi (xidmətlər faktiki göstərilmədiyi halda) müəyyən edilmişdir. KDMN obyektinin 17.05.2023-cü il tarixli məktubu ilə verdiyi məlumata əsasən podratçı tərəfindən sərnişin (Cəmiyyətin işçiləri) daşımaları ilə bağlı xərclər yalnız Cəmiyyət tərəfindən qarşılanmışdır.
Həmçinin, nəzarət tədbiri ilə Cəmiyyətin Şahdağ Hotelində yerləşən anbarlarına baxış keçirilərkən həmin anbarlarda digər vergi ödəyicilərinə məxsus malların da saxlanıldığı aşkar edilmişdir. Digər vergi ödəyicilərinə aid olan malların Cəmiyyətin anbarlarında saxlanılmasına baxmayaraq, həmin mallar üçün aidiyyəti şəxslərdən icarə və (və ya) istifadə haqqlarının alınmadığı müəyyən edilmişdir ki, bu da maliyyə-təsərrüfat fəaliyyətini zərərlə başa vuran Cəmiyyətin gəlir itkisinin artmasına şərait yaradır.
Auditin nəticələri əsasında illik gəlir və xərc göstəricilərinin proqnozlaşdırılması, işçilərin say həddinin təsdiqi, işçilərə mükafat məbləğinin hesablanması, satınalma prosedurlarının keçirilməsi, mal/xidmət təchizatçıları və iş görənlər ilə müqavilələrin bağlanması, əmək funksiyalarının yerinə yetirilməsi məqsədilə əmək müqavilələrinin bağlanması, göstərilən xidmətlərin qiymətləri üzrə güzəştlərin tətbiqinin əsaslılığının müəyyənləşdirilməsi, ehtiyatların mühasibat uçotunda əks etdirilməsi, amortizasiya xərclərinin hesablanması, maliyyə uçotu və hesabatlılığı üzrə hüquqi çərçivənin tələblərinə əməl edilməsini təmin edən nəzarət fəaliyyətlərinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin gücləndirilməsi tövsiyə edilmişdir.
Cari auditor hesabatının “Rəy” hissəsində təsbit edilmiş mülahizəyə əsasən Cəmiyyət tərəfindən dövlət vəsaitlərinin və əmlakının idarə olunması ilə bağlı fəaliyyət hüquqi aktların tələbləri ilə əhəmiyyətli, lakin geniş yayılmamış uyğunsuzluqlar ilə həyata keçirilmişdir. Hesabatın hazırlanmasında KDMN obyektinin 17.05.2023-cü il tarixli nömrəli məktubda əks etdirilmiş qeyd, irad və rəyi aidiyyatı üzrə və müvafiq qaydada nəzərə alınmışdır.
AUDİTOR RƏYİ
Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün yetərli və müvafiq olmaqla kafi əminliyi formalaşdırmışdır. Fikrimizcə, cari hesabatın “Auditin nəticələri” hissəsində qeyd edilmiş tapıntılara əsaslanaraq Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət vəsaitlərinin və əmlakının idarə olunması, dövlət rüsumlarının hesablanması və dövlət büdcəsinə ödənilməsi ilə bağlı fəaliyyət hüquqi aktların tələbləri ilə əhəmiyyətli, lakin geniş yayılmamış uyğunsuzluqlar ilə həyata keçirilmişdir (ISSAI 400/59, ISSAI 4000/194, 218).
TƏKLİFLƏR VƏ TÖVSİYƏLƏR
Təkliflər
- Audit nəticəsində təsbit edilmiş tapıntılar üzrə tədbirlərin görülməsi məqsədilə Hesablama Palatası tərəfindən:
1.1 Cari auditor hesabatının Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə göndərilməsi;
1.2 vergi qanunvericiliyinin tətbiqi ilə bağlı yol verilmiş nöqsanlara dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumatın verilməsi;
1.3 “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin tərkibində fəaliyyət göstərən Qusar-Ləzə yolunun 29-cu km-də yerləşən Birləşmiş İstilik Elektrik Stansiyası ilə bağlı audit tapıntıları barədə Azərbaycan Respublikası Energetika Nazirliyinə məlumatın verilməsi;
1.4 Auditin nəticəsi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə məlumatın verilməsi;
- Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən:
2.1. 2022-ci il üzrə təqdim edilmiş əmlak vergisi bəyannaməsində 1,2 mln. manat məbləğində azaldılmış vergi məbləğinin hesablanması və dövlət büdcəsinə bərpası;
2.2 Cəmiyyətin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınması ilə bağlı tədbirlərin görülməsi;
2.3 işçi heyətinə istifadə edilən yemək xərclərinin gəlirdən çıxılan xərclərə aid edilməməsi;
2.4 2022-ci ildə eyni vəzifəyə görə mülki hüquqi müqavilə üzrə həyata keçirilmiş ödənişlərə bərabər vəsaitin bərpası;
2.5 aktivlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada inventarizasiyasının həyata keçirilməsi;
2.6 01.01.2021-ci il tarixinə əsas vəsaitlərinin qalıq dəyərində 46,3 min manata bərabər təhrifin və onun son hesabat tarixlərinə aid məlumat mənbələrinə təsirinin aradan qaldırılması;
2.7 2021-2022-ci illərdə “Sərnişindaşıma, yükdaşıma və ağır texnika xidmətləri”nin satınalınması üçün bağlanmış 28.07.2020-ci il tarixli müqavilə üzrə əsassız olaraq ödənilmiş 19,2 min manat məbləğində vəsaitin bərpası;
2.8 xidmətlərin göstərilməsi ilə bağlı yaranmış zərərin ödənilməsi məqsədilə dövlət büdcəsindən vahid büdcə təsnifatının “253100. Dövlət müəssisələrinə subsidiyalar” paraqrafı üzrə ayrılan vəsaitin mərhələli azalma ilə proqnozlaşdırılması istiqamətində tədbirlərin görülməsi;
- Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən:
3.1. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 27.7-ci maddəsinə uyğun olaraq Auditor hesabatında qeyd olunan nöqsanların aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməsi və görülmüş işlər barədə 1 ay müddətində Azərbaycan Respublikasının Hesablama Palatasına məlumatın təqdim olunması təklif olunur.
Tövsiyələr
- Audit nəticəsində təsbit edilmiş tapıntılar üzrə tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən:
1.1. Birgə fəaliyyət müqavilələri üzrə tərəfdaşlar tərəfindən anbarların istifadə olunması ilə bağlı potensial gəlir imkanları nəzərdən keçirilərək adekvat hüquqi əsasların yaradılması;
1.2. həyata keçirilən sahibkarlıq fəaliyyəti çərçivəsində gəlir əldə edilməklə istifadə edilən obyektlərin qanunvericilik ilə müəyyən edilmiş qaydada istismara verilməsi üçün tədbirlərin görülməsi;
1.3. illik gəlir və xərc göstəricilərinin proqnozlaşdırılması, işçilərin say həddinin təsdiqi, işçilərə mükafat məbləğinin hesablanması, satınalma prosedurlarının keçirilməsi, mal/xidmət təchizatçıları və iş görənlər ilə müqavilələrin bağlanması, əmək funksiyalarının yerinə yetirilməsi məqsədilə əmək müqavilələrinin bağlanması, göstərilən xidmətlərin qiymətləri üzrə güzəştlərin tətbiqinin əsaslılığının müəyyənləşdirilməsi, ehtiyatların mühasibat uçotunda əks etdirilməsi, amortizasiya xərclərinin hesablanması, maliyyə uçotu və hesabatlılığı üzrə hüquqi çərçivənin tələblərinə əməl edilməsini təmin edən nəzarət fəaliyyətlərinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin gücləndirilməsi tövsiyə olunur.