Prezident İlham Əliyev 20 il ərzində bir sıra tarixi uğurlara imza ataraq dünya azərbaycanlılarının böyük inam və etimadını qazanıb
Hazırda Azərbaycan sürətlə inkişaf etməklə dünya çapında layiqli yerini tutub. Ən önəmlisi isə işğal altındakı torpaqlarımız düşməndən azad olunub. 20 il əvvəl yekdilliklə Prezident seçilmiş cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz ildən-ilə daha da möhkəmlənir. Hələ 2003-cü ildə Ulu öndər Heydər Əliyev xeyir-dua verərək cənab İlham Əliyevin Azərbaycanı belə inkişaf etdirəcəyinə möhkəm əminlik ifadə etmişdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Gördüyümüz kimi, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətində dediyi fikirləri öz təsdiqini tapıb. Həm Ulu öndərin, həm də xalqın yüksək inamı, ali etimadı özünü doğruldub. Hazırda ölkəmiz sürətli sosial-iqtisadi inkişafına nail olunub. Mühüm cəhətlərdən bir isə dövlətimizin hərbi qüdrəti daha da artıb. Bu gün beynəlxalq birlik Azərbaycanın güclü mövqeyi ilə hesablaşır. Azərbaycanın regional statusunun əhəmiyyəti durmadan artır. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır. Bütün bunların məntiqi nəticəsi olaraq, işğalçı Ermənistan döyüş meydanında layiqli cavabını alıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. – Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşüb. Vətən müharibəsində Şanlı Qələbə Azərbaycanın tarixində yeni və unudulmaz səhifələr açıb. Təəssüf ki, Vətən müharibəsindən sonra da Ermənistan işğalçılıq niyyətindən əl çəkmədi, ardıcıl şəkildə sülh danışıqlarını pozaraq, təmas xəttində təxribatlar törədirdi. 2023-cü ilin 19 sentyabrında antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19 isə suverenliyimizi tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbənin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi. Azərbaycan xalqı hər zaman şəhidlərimizi ehtiramla yad edir. Məhz şəhidlərimiz və qazilərimizin sayəsində ərazi bütövlüyümüz bərpa edlib. Dövlət tərəfindən də şəhid ailələri və qazilərə lazımi yardımlar edilir.
Cənab Prezident müharibə siyasətində ağılagəlmaz strateji və taktiki gedişlər edib. Ali Baş Komandan bu siyasətində hər zaman təmkin və səbir nümayiş etdirir. Dövlətimizin başçısı Azərbaycanın strateji gözləmə mövqeyi ilə bağlı deyib ki, biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik: “Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində”. Biz bunu həm döyüş meydanında, həm də diplomatiya müstəvisində müşahidə edirik. Prezident İlham Əliyev buna görə də 20 il ərzində bir sıra tarixi uğurlara imza atıb və bundan sonra da yeni-yeni uğurlara imza atacağına xalqımızın böyük əminliyi var.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi