“Bank BTB” 2023-cü ilin 9 ayı üzrə maliyyə hesabatlarını açıqlayıb.
Heftelik.az-ın məlumatına görə, “Bank BTB” 2023-cü ilin III rübünü 987 min manat xalis zərərlə başa vurub. 2022-ci ilin müvafiq dövründə bank 5 milyon 714 min manat xalis zərər açıqlamışdı.
Hesabat dövründə bankın faiz gəlirləri 12% artaraq 22 milyon 443 min manat, faiz xərcləri isə 14.4% artaraq 14 milyon 84 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 3.4 milyon manata ( illik müqayisədə 11.5% az ), qeyri-faiz xərcləri isə 9.8 milyon manata ( illik müqayisədə 9.1% az ) bərabər olub. Beləliklə bank bu dövrdə 1 milyon 895 min manat əməliyyat mənfəəti əldə edib.
Cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 0.7% və ya 2.5 milyon manat artaraq 376 milyon 759 min manata yüksəlib. Cari ilin ilk 9 ayında “Bank BTB”nun kredit portfeli (müştərilərə verilmiş xalis kreditlər) 4.1% və ya 11 milyon manat artaraq 276 milyon 855 min manata çatıb.
Bu dövrdə” “Bank BTB”nin cəmi öhdəlikləri 327 milyon 537 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1% və ya 3.3 milyon manat çoxdur. Bankın depozit portfeli (Müştərilərin depozitləri) cari ilin ilk 9 ayında 7.5% və ya 11.9 milyon manat azalaraq 147 milyon 322 min manata enib.
2023-cü il oktyabr ayının 1-nə “Bank BTB”nin cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 1.7% və ya 832 min manat azalaraq 49 milyon 222 min manat təşkil edib.