Yüklərdən götürülmüş nümunələr (sınaq şüşələrinə toplanmış nümunələr də daxil olmaqla) səlahiyyətli orqanın müfəttişi tərəfindən ekspertiza keçirilənə qədər nümunələrin qorunmasına və onların gizli şəkildə dəyişdirilməsinin mümkünsüzlüyünə təminat veriləcək şəkildə möhürlənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Nümunə götürülmə prosesi başa çatdırıldıqdan sonra dərhal müfəttiş tərəfindən akt tərtib edilir. Akt üç nüsxədən ibarət olur ki, bu nüsxələrdən biri nümunə ilə birlikdə aktla təsvir edilmiş məhsul nümunələrinin müqayisə ediləcəyi parametrlər üzrə sınağının aparılması və digər sənədləşmə işlərinin aparılması məqsədilə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş aidiyyəti laboratoriyaya göndərilir. Aktın ikinci nüsxəsi isə səlahiyyətli orqanda sxlanılır. Aktın digər nüsxəsi isə nümunə götürülmüş yükün sahibində özündə saxlanılır. Götürülmüş nümunələr müfəttişin nəzarəti ilə müşayət edilir və səlahiyyətli orqanın nəqliyyat vasitələri ilə müvafiq laboratoriyalara çatdırılır.