Ərəb ölkələrindən gəlib bizim nadir heyvanları öldürürlər. Onların gətirdiyi vəsaitin Azərbaycan büdcəsinə elə təsiri də yoxdur.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında ““Ovçuluq haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, bununla bağlı şikayətlər var: “Mən istəyərdim Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı ciddi qayda yaratsın. Mən bir dəfə Qızılağac qoruğuna getmişdim. Səhərdən axşamacan silah atılırdı, elə bil müharibə idi. İndi heç Qızılağac qoruğunda quşlar da qalmayıb. Xaricdən gələnlərin ov etməsinə ümumiyyətlə, qadağa qoyulmalıdır”.
Spiker Sahibə Qafarova isə Sabir Rüstəmxanlıya irad bildirib ki, bu çıxış qanun layihəsinin 2-ci oxunuş tələblərinə cavab vermir: “Bundan əvvəlki qanun layihəsi ilə bağlı ikinci oxunuşun tələblərinə cavab vermədiyi üçün 3 nəfərin çıxışına icazə vermədim. İndi onlar məndən küsdülər”.
Sabir Rüstəmxanlı isə deyib ki, qanun layihəsi elə əhəmiyyətli deyil. Sədr Sahib Qafarova bu iradı qəbul etməyib və bildirib ki, bu, çox ciddi qanun layihəsidir.