Azərbaycanda pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi yaradılacaq.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, pilotsuz uçuş aparatı dedikdə bortunda pilot olmadan avtonom rejimdə uçan və ya məsafədən idarə edilən istənilən hava gəmisi başa düşüləcək.
Pilotsuz uçuş aparatının istismarı ilə bağlı vəzifələri icra edən və uçuş zamanı pilotsuz uçuş aparatını məsafədən avadanlıq vasitəsilə idarə edən fiziki şəxs pilotsuz uçuş aparatını məsafədən idarə edən pilot (operator) olacaq.
Pilotsuz uçuş aparatı sistemləri pilotsuz uçuş aparatı və onun məsafədən idarə edilməsi üçün avadanlıq hesab ediləcək.
Pilotsuz uçuş aparatının təhlükəsiz istismarını təmin edən və onun hissəsi olmayan, eləcə də bortunda daşınmayan hər hansı bir cihaz, ləvazimat , ehtiyat hissələri, əşya və ya proqram təminatı pilotsuz uçuş aparatının məsafədən idarə edilməsi üçün avadanlıqdır.
Pilotsuz uçuş aparatının dövlət qeydiyyatına alınması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi təsdiqedici sənəd -Pilotsuz uçuş aparatının qeydiyyatı sertifikatı veriləcək. Operator, pilotsuz uçuş aparatı müşahidəçisi, eləcə də pilotsuz uçuş aparatı sistemləri istismarçısı tərəfindən təlimatlandırılmış və pilotsuz uçuş aparatı sistemləri əməliyyatının həyata keçirilməsində iştirak edən fiziki şəxs pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısı hesab olunacaq.
Azərbaycan Respublikasında pilotsuz uçuş aparatının uçuşlarına nəzarəti və hava hərəkətinin idarəetməsinin əlaqələndirilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəz – pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi yaradılacaq.