Hava daşımaları ilə əlaqədar sərnişinlərə, baqaja və yükə vurulan zərərə görə məsuliyyət müəyyənləşəcək.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, sərnişinin həyat və ya sağlamlığına dair zərərə səbəb olan hadisə hava gəmisində və ya sərnişinin hava gəmisinə minməsi, yaxud onu tərk etməsi zamanı baş vermişsə bununla bağlı dəymiş zərərin əvəzini ödəmək vəzifəsi hava nəqliyyatına mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən istismarçının öhdəsinə qoyulur.
Sərnişinin xəsarət aldığı və ya onun sağlamlığının başqa şəkildə pozulduğu hallarda Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sərnişinin çəkdiyi xərclərin əvəzi ödənilir.
Baqaj və ya yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Baqaj və ya yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi, zədələnmə və ya qismən məhv olma ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.
Baqaj və ya yük daşımaları beynəlxalq hava daşımalarında Azərbaycan Respublikasına mənsub olan daşıyıcılar tərəfindən onun bəyan edilmiş dəyəri ilə digər daşıyıcıya təqdim edilmişdirsə və daşıyıcı bəyan edilmiş dəyərin həqiqi zərər məbləğindən yüksək olduğunu sübut etməsə, məsuliyyət bəyan edilmiş dəyər həddində müəyyənləşdirilir.
Azərbaycan Respublikasının daxili daşımalarında Azərbaycan Respublikasına mənsub olan daşıyıcılar tərəfindən daşımaya qəbul edilən, dəyəri bəyan olunmadan qeydiyyata alınmış baqaja və ya yükə görə daşıyıcının məsuliyyəti baqajın və ya yükün həqiqi dəyəri miqdarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi həddi aşmamaq şərtilə müəyyən edilir.
Baqajın və ya yükün bir hissəsinin itirildiyi, zədələndiyi, əskik gəldiyi, yaxud təyinat məntəqəsinə vaxtında çatdırılmadığı hallarda daşıyıcının məsuliyyətinin həcmi müəyyən edilərkən yalnız baqajın və ya yükün çəkisi nəzərə alınır. İçərisindəki əşyalar da daxil olmaqla, bağlamanın (bağlamaların) itirilməsi, zədələnməsi, əskik gəlməsi və ya təyinat yerinə vaxtında çatdırılmaması müvafiq baqaj qəbzinə, yük qaiməsinə və ya poçt qəbzinə daxil edilmiş digər bağlamaların və onların içərisindəkilərin dəyərinə təsir göstərdikdə məsuliyyət həcmi müəyyən edilərkən bütün bağlamaların ümumi çəkisi nəzərə alınır.
Daşıyıcı onun və ya qanunla müəyyən edilmiş qaydada təyin edilən nümayəndələrinin yuxarıda qeyd olunan zərərin qarşısıalınmaz qüvvənin təsiri nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
Hava daşımaları ilə əlaqədar sərnişinlərə, baqaja və yükə vurulan zərərə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.