Pilotsuz uçuş aparatı sistemlərinin istismarı sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə xidmət haqqı müəyyən ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, pilotsuz uçuş aparatı sistemləri sahəsində göstərilən xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən ediləcək.
Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq qayda və təcrübəyə uyğun olaraq uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə pilotsuz uçuş aparatı sistemlərinin istismarı sahəsində göstərilən müfəttiş xidmətlərinin və görülən işlərin qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.