AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsi tərəfindən yeni formada maarifləndirmə məlumatları təqdim olunub. Buklet formasında təqdim olunan məlumatlar mərkəzin sosial şəbəkə hesabları tərəfindən mütəmadi olaraq yayılacaq. AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, bu cür təqdimatları yaymaqda məqsəd insanlarımızı məlumatlandırmaqdı. “Bir çox ölkələr kimi bizim də ölkəmiz seysmogen zonada yerləşir. Bizim ərazilərimizdə də vaxtaşırı hiss olunan zəlzələlər olur. Heç kim deyə bilməz ki, zəlzələ nə vaxt olacaq. Eyni zamanda heç kim zəlzələ olmayacağını da deyə bilməz. Ona görə belə maarifləndirici təqdimatlar yayırıq ki, vətəndaşlarımız sosial şəbəkələrdə belə bukletləri görəndə oxusunlar. Həm özləri həm də övladlarını məlumatlandırsınlar”.