Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV -II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, Şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi.
1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilandan Genlik, Aladin, Dəlləkli qeyd olunur. 1929-cu ildə Zaqafqaziya Sovet Federativ Sosoialist Respublikasının qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı.
Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş ərazisi olur.
1967-ci ildə Zəngilana Şəhər statusu verildi. Həmin vaxt Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə, 79 kənd olmuşdur.
1988-ci ildən başlanan Ermənistan-Azərbaycan münaqişəsi Zəngilan rayonunda 1990-cı ildən daha tez-tez hiss olunmağa başladı. Ermənilər dəmir yolunu bağlayaraq qatarları saxlayır və adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhalidən təşkil olunmuş özünümüdafiə dəstələri ov tüfəngləri ilə silahlandığı halda, düşmən silah və texnika ilə təchiz edilmişdi. 1992-ci ilin əvvəlindən etibarən ermənilər rayona davamlı olaraq hücumlar etməyə başladılar. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın etdilər. Bu dövrdən başlayaraq döyüşlər daha intensiv xarakter almışdı. Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə daxil olaraq evlərə od vurdular. Rayonda ilk olaraq bu kəndlər ermənilərin işğalına məruz qaldı. İki həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə də, Seyidlər kəndi mühasirədə qaldı.
Ermənilərin növbəti hücumu iyunun 29-da oldu. Ağır döyüşlər zamanı hər iki tərəf itkilər verdi. İyulun 6-da düşmən rayon mərkəzini atəşə tutmağa başladı. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qaldı. Oktyabrın 20-də isə ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalayır. Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olunur. Beləliklə, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçir. Bununla da rayonun işğalının əsası qoyulur. 1993-cü ildə döyüşlər ara vermir. Yaz fəslində ermənilərin hücumları bir qədər də intensivləşir. Martın 2-də Aşağı Gəyəli və Canbar kəndləri işğal olunur. İki gün sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişlənir. Düşmən rayon mərkəzini intensiv olaraq ağır artilleriya atəşinə tutur. Belə bir şəraitə baxmayaraq əhali təslim olmur, düşmən hücumları dəf edilirdi. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəlilədilər.
Ciddi müqаvimətə bахmаyаrаq, vəziyyət daha da çətinləşirdi. Çünкi düşmən döyüşə əlаvə qüvvələr cəlb еdir, təzyiqi аrtırırdı. Dörd gün ərzində əsаsən Mеhri, Qаfаn, Gоrus ərаzilərindən аrаmsız hücumа кеçməкlə qüvvələrimizi bu istiqаmətə cəlb еdən düşmən bеşinci gün – окtyаbrın 27-də səhər Cəbrаyıl-Qubаdlı istiqаmətindən cəbhəni yаrdı. Oktyabrın sonunda Horadiz qəsəbəsi işğal olunduqdan sonra rayon mühasirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunmuşdu. Bununla da Zəngilanın mühasirəsi başa çatdırıldı. Təxminən 34 min əhali İran sərhədinə – Araz çayının kənarına toplaşmışdı. Gur sulu Araz çayını isə keçmək mümkün deyildi. O zaman Heydər Əliyev İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali çayı keçib İran vasitəsilə Azərbaycanın müxtəlif regionlarına pənah gətirirlər. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 30 illik həsrətə son qoyuldu. 2020-ci il sentyabrın 27-də başlayan “Vətən müharibəsi” zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. “Dəmir yumruğ”un Zəngilan əməliyyatlarının ilk mərhələsi oktyabrın 18-də başlayıb. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı.
2020-ci il oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu sevinclə bildirdi. Hər birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu.
2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna gəldilər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Qələbədən sonra Zəngilan rayonuna 3 səfər etmiş Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürrətlə davam edir. İlk bərpa edilən kəndlər isə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulacaq.
Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Azərbaycan Ordusunun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Xalqımız bu tarixi Zəfəri böyük səbirsizliklə gözləyirdi və hər birimiz üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması sübut etdi ki, Azərbaycan əsgəri Vətənini qorumaq uğrunda canından keçməyə hazırdır.

Samir Rauf oğlu

Poltoloq