Dünya

19 Oktyabr 2023, 23:30

Ulduzlar havanın bağrını dəlir,

Qayalı dağlardan duman yüksəlir,

Xəyalım gecəni salama gəlir,

Çapdırır atını birbaşa dünya.

 

Ellərə baxıram bağçalı, bağlı,

Göylərə baxıram qapısı bağlı,

Kainat ixtiyar, sirli, soraqlı,

Əzəldən yaranıb tamaşa dünya.

 

Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

 

Əzəldən belədir çünki kainat,

Cahan daimidir, ömur amanat.

Əldən-ələ keçir vəfasız həyat,

Biz gəldi-gedərik, sən yaşa, dünya!

 

Səməd Vurğun / Xalq şairi