Rayonda yeni nəslin təhsil alması üçün müasir standartlara cavab verən məktəblər tikilir
Prezident İlham Əliyev mütəmadi olaraq regionlara səfərlər edir. Diqqət edilsə, işğaldan azad olunan rayonlara dövlət başçısının səfərləri daha çox təşkil edilir. Bildiyimiz kimi, dövlətimizin başçısı 15-17 oktyabr tarixlərində Qarabağda səfərdə olub. Bu səfər çərçivəsində Prezident Füzuli rayonunda da olub, “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Cənab Prezident bu görüşdə Füzuli rayonunda aparılan tikinti işlərindən də danışıb: “Füzuli indi tamamilə yenidən qurulur. Aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır”. Hazırda Füzuli rayonunda abadlıq işləri davam etməkdədir. Rayonda bütün bu quruculuq işləri Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa olunur. Cənab Prezident bu səfərində rayondakı işlərlə maraqlanıb, bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak edib. Belə ki, Prezident İlham Əliyev oktyabrın 15-də Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Qeyd edək ki, yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.
Dövlətimizin başçısı Füzuli rayonunun Cuvarlı və Qoçəhmədli kəndlərinin, təməlini qoyub. Yeni təməli qoyulan kəndlər tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Burada enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin inşası nəzərdə tutulub. Kəndlərdə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, kafe-restoranın, mərasim evinin, çörək sexinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 312 şagird yerlik orta məktəbin, 50 yerlik uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin, kitabxananın, ticarət obyektinin, bazarın, qonaq evinin tikilməsi planlaşdırılıb.
Həmçinin cənab Prezident Füzuli şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin, idman kompleksinin, uşaq bağçasının, eləcə də inzibati binanın təməlini qoyub. Onu da deyək ki, Füzuli şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. İnşa olunacaq ikinci və üçüncü yaşayış kompleksləri çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarətdir.
Nəzərə çatdıraq ki, Azərbaycanda uşaq və gənclərin təlim-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, vətənpərvərlik ruhunda və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilir. Bu məsələ işğaldan azad olunan ərazilərdə də diqqət mərkəzində saxlanılır. Burada yeni nəslin təhsil alması üçün müasir standartlara cavab verən təhsil ocaqları da tikilir. Cənab Prezident görüşdə bu məsələyə toxunaraq deyib ki, məktəb və ailə gənclərin doğma torpaqlarımıza qayıtmağının vacib amilidir: “Biz qoymadıq ki, gənclər doğma torpaqlarını unutsun. Qoymadıq ki, Qarabağ mövzusu silinsin. Halbuki bunu bizə aşılamaq istəyən bir çox ölkələr, qüvvələr var idi”. Yeri gəlmişkən, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik 1 nömrəli tam məktəb inşa edilib. Bu ilin avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva bu məktəbin açılış mərasimində iştirak ediblər. Füzuli sakinləri ilə görüşdə həmin məktəbin qadın müəllimi çıxış edərək cənab Prezidentə öz ürək sözlərini deyib: “…bu gün – oktyabrın 17-si Füzuli bayramı – “Füzuli Şəhəri Günü” biz füzulililər üçün həqiqətən də həm sevindirici, həm də qürurverici bir gündür. Bu gün Füzulimizin – 30 il işğal altında olan, erməni vandalizminə məruz qalan gözəl Füzulimizin yenidən daha gözəl, daha müasir şəkildə qurulması həqiqətən də bizim üçün çox xoşbəxt anlardır. Artıq biz Füzuli sakiniyik, artıq burada daimi yaşayırıq və Sizi, eyni zamanda, Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin kollektivi adından salamlayırıq”.
Azərbaycan Prezidenti Qarabağ məsələsindən, dövlətimizin ərazi bütövlüyündə danışanda hər zaman şəhidlərimizi də yad edir. Əsasən işğaldan azad olunan ərazilərdə olarkən bu yolda şəhid olanları xüsusi qeyd edir. Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə də dövlət başçısı deyib ki, əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik: “Bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir”.
Artıq dövlətimizin başçısının işğaldan azad olunan rayonların sakinləri, ümumiyyətlə, vətəndaşlarla belə görüşləri ənənə halını alıb. Bu görüşlər xalqın Prezident İlham Əliyevə olan inam və etimadını daha da artır.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi