Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə Bakı Hərbi Məhkəməsində keçirilən iclasda ilkin dinləmələr keçirilib.
Prsosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib.
Vəkil deyib ki, vəsatətin təmin olunmasının vacibliyi ona görə lazımdır ki, təqsirləndirilən şəxsin həbsindən sonra həyat yoldaşının səhhətində ciddi problem yaranıb. Hazırda müalicə olunur. Yetkinlik yaşına çatmayan övladının isə atası həbs edilən gündən dili tutulub. Əməliyat tədbiri keçirilən gündən danışmır.
Prokuror vəsatətin təmin edilməməsini, cinayət işinin baxışa təyin edilməsini istəyib.
Hakim Rafiq Abbasovun sədrlik etdiyi hakimlər heyəti vəsatəti təmin etməyib.
Baxış iclası oktyabrın 30-a təyin edilib.
Qeyd edək ki, R.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilib. Onun vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü ( təkrar külli miqdardq rüşvət alma) və 308.2-ci (vəsizfə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.