Milli Məclisin deputatı Ceyhun Məmmədov yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnməlidir.

Bunu Heftelik.az-a açıqlamasında hüquqşünas Yaşar Ağazadə bildirib.

Hüquqşünas deyib ki, “Yol hərəkəti haqqında” qanuna əsasən, sürücüyə nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək qadağandır. İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir: “Deputat Ceyhun Məmmədov yol hərəkəti qaydalarını pozduğunu əks etdirən görüntüləri 3 gün əvvəl İnstagram-da özü paylaşıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarının pozulması və bunun həmin şəxs tərəfindən nümayişkaranə surətdə sosial şəbəkədə paylaşılmasına biganə qalmamalıdır. Əks halda mənfi tendensiya yaranar. Çünki digər deputatlar, həmçinin vəzifəli şəxslər də hesab edə bilərlər ki, onlar da yol hərəkəti qaydalarını nümayişkaranə poza və cəzasız qala bilərlər”.

Hüquqşünas qeyd edib ki, deputat cəmiyyət üçün faydalı saydığı fəaliyyətini sosial şəbəkələrdə paylaşa  bilər: “Ancaq bu, heç bir halda yol hərəkəti qaydalarını, qanunları pozmağa əsas vermir”.

Qeyd edək ki, deputat  Ceyhun Məmmədov oktyabrın 20-də avtomobil idarə edən zaman mobil telefonla ərəb mediasına açıqlama verdiyi videogörüntünü sosial şəbəkədə paylaşıb. Deputat həmin videogörüntü ilə bağlı paylaşımında bildirib ki, “Görünən ki, hələ informasiya müharibəsi uzun müddət davam edəcək, Qarabağdakı son proseslərə ərəb mediası da böyük maraq göstərdi”.