Kəsim məntəqələrinin layihələndirilməsi və quruluşuna dair tələblər məlum olub. Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.

İri və xırdabuynuzlu heyvanların kəsim məntəqələri aşağıda göstərilən bölmələrdən ibarət olmalıdır:

– Kəsimdən qabaq saxlanma bölməsi – bu bölmədə kəsimə gətirilmiş heyvanların saxlanması ilə yanaşı, izolyator da təşkil edilir;

– Kəsim bölməsi – bu bölmə “çirkli zona” (qanın axıdılması, dərinin soyulması) ilə “təmiz zona”nın (daxili orqanların çıxarılması, cəmdəyin parçalanması) ayrıldığı bölmədir. Burada su ilə yuyula bilən tullantıların axıdılıb təmizlənməsi üçün münasib şərait yaradılır;

– Toplanma bölməsi – bu bölmədə təyinatından asılı olaraq sub məhsullar və heyvan mənşəli əlavə məhsullar ayrı şəkildə toplanılır;

– Bağırsaqların təmizlənmə bölməsi – bu bölmədə kəsilən heyvanların mədə-bağırsaq traktının möhtəviyyatdan təmizlənməsi işləri həyata keçirilir;

– Ət doğranması və qablaşdırılması bölməsi – bu bölmədə heyvan cəmdəklərinin və sub məhsullarının ayrı-ayrı hissələrə bölünməsi, doğranması və qablaşdırılması həyata keçirilir;

– Ətin soyudulması bölməsi – bu bölmədə cəmdəklərin temperatur, hava cərəyanının surəti və havanın nəmliyindən asılı olaraq fərqli soyudulma müddətləri ərzində soyudulması və ya dondurulması həyata keçirilir. Ətin soyudulması prosesi soyuducuda/soyuducu kamerada +40C dərəcəyə qədər soyudulması, dondurulması prosesi isə dərin dondurucularda -180C dərəcədə dondurulması mərhələlərindən ibarətdir. Sub məhsulların saxlanılması üçün soyuducuda /soyuducu kamerada xüsusi ayrılmış yerlər təyin edilir;

– Yükləmə bölməsi – bu bölmədə heyvan mənşəli qida məhsulları və heyvan mənşəli əlavə məhsullar nəqliyyat vasitələrinə yüklənir.