Paytaxtda birgə yaşadığı qadına işgəncə verərək azyaşlı qızını zorlamaqda təqsirləndirilən Saymur Şahalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S. Şahalıyev 15 il azadlıqdan məhrum edilib.

S. Şahalıyev məhkəmədə ittihamı qəbul etmədiyini deyib.

İttihama görə, S. Şahalıyev birgə yaşadığı qadına işgəncələr verib. O, qadına müxtəlif işgəncələr verəndən sonra ağzına qaynar su tökərək yandırıb. Bununla yanaşı qadının 9 yaşlı qızını zorlamaqda və 10 yaşlı oğlunu girov saxlamaqda təqsirləndirilir.

Təqsirləndirilən şəxs bununla yanaşı, qadının intim görüntülərini çəkərək birinci hıyat yoldaşına göndərməklə hədələyib, ondan 50 min manat tələb edib. Qadın pulu verməkdən imtina etdiyi üçün çəkilişin diskini keçmiş ərinə göndərib.

Qadının şikayəti əsasında S. Şahalıyev saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6, 134, 144.2.1, 145.2.2, 145.2.3, 145.2.5, 150.3.3, 156.1, 157.2, 178.2.2, 182.2.2, 182.2.3, 182.2.4 və 242 maddələri üzrə cinayət işi başlanıb.