“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində gələn il seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 935 344,0 manat vəsait ayrılması proqnozlaşdırılır.

Bu rəqəm 2023-cü illə müqayisədə 2,3 dəfə çoxdur. Belə ki 2023-cü ilin dövlət büdcəsində eyni məqsədlə 46 730 295,0 manat nəzərdə tutulub.

Gələn il seçkilərin keçirilməsi və statistika tədbirləri üçün proqnozlaşdırılan vəsaitin cari illə müqayisədə 2.3 dəfə artıq olması müzakirələrə səbəb olub. Bəzi şəxslər və media qurumları buradan belə nəticə çıxarmağa başlayıb ki, gələn il bələdiyyə seçkiləri həm də işğaldan azad olunmuş ərazilərdə keçirilə bilər. Bundan başqa, qeyd olunur ki, vəsaitin bu qədər artması guya ölkədə referendumun keçiriləcəyi ilə əlaqədardır.

Lakin səslənən bu “arqumentlər”in əsassızlığı kiçik araşdırmadan sonra çox asanlıqla ortaya çıxır.

Öncə nəzərə almaq lazımdır ki, büdcədən vəsaitin hamısı heç də seçkilər üçün ayrılmayıb. Vəsait “Ümumi dövlət xidmətləri” bəndi üzrə Seçkilərin keçirilməsi və statistika tədbirləri üçün nəzərdə tutulub.

Başqa bir detala nəzərə salaq. 2023-cü il Azərbaycanda seçki ili deyil, 2024-cü ildə isə ölkədə bələdiyyə seçkilərinin keçiriləcəyi nəzərdə tutulduğundan büdcə artımı təbiidir.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  2024-cü ilin noyabrında Milli Məclisə seçkilərin keçirilməsi də gözlənilir. Belə ki 2025-ci ildə Azərbaycanda Prezident seçkilərinin keçirilməsi nəzərdə tutulduğundan parlament seçkilərinin gələn il keçirilməsi gündəmə gələ bilər. Beləliklə, ölkədə keçiriləcək iki seçki üçün Mərkəzi Seçki Komissiyasına (MSK) ayrılmış vəsaitin bu illə müqayisədə artırılması normaldır, məbləğ elə də çox sayıla bilməz.

Bələdiyyə seçkilərinin işğaldan azad edilmiş ərazilərdə də keçiriləcəyi barədə yazılanlar da əsassız görünür. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə bələdiyyə seçkilərinin keçirilib-keçirilməyəcəyi məlum deyil. Bunun üçün öncə Milli Məclis həmin ərazilərdə bələdiyyələrin formalaşdırılması ilə bağlı qərar qəbul etməlidir. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki yaşayış məntəqələrinin əksəriyyətində məskunlaşdırma həyata keçirilməyib. Keçmiş məcburi köçkünlərin yalnız Laçın və Füzuli şəhərlərinə və bir neçə kəndə köçürülməsinə başlanılıb. İlin sonuna kimi müəyyən qədər ailənin köçürüləcəyi nəzərdə tutulsa da, yekun rəqəm həmin ərazilərdə bələdiyyələrin formalaşdırılacağı və seçkilərin keçiriləcəyi barədə birmənalı qənaət hasil edilməsi üçün əsas yaratmır. Əhali sayı az olan yaşayış məntəqələrində bələdiyyə seçkilərinin keçirilməsi isə mənasız və məntiqsizdir. Çünki işğaldan azad olunmuş ərazilərdəki yaşayış məntəqələrində məskunlaşma kütləvi olmalıdır ki, bələdiyyələrin formalaşması və yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirilməsi mümkün olsun.

Müzakirəyə çıxarılan digər məsələyə – referenduma gəldikdə, bu mövzu dəfələrlə gündəmə gətirilib, aktuallaşdırılıb. Müxtəlif şəxslərin səsləndirdiyi iddialarda referendumda idarəçilik institutunda köklü dəyişikliklərin də nəzərdə tutulduğu qeyd edilir.

Lakin heç bir dövlət orqanı, o cümlədən MSK məsələyə münasibət bildirməyib. Bəzi media orqanlarında isə hakimiyyətdəki mənbələrə istinadən referendumun keçirilməsinin nəzərdə tutulmadığı açıqlanıb.

Buna əlavə olaraq qeyd etmək olar ki, hazırda Azərbaycanın qarşısında həlli vacib olan digər çoxsaylı məsələlərin durduğu nəzərə alınsa, iddia edildiyi kimi, idarəçilik institutunda köklü dəyişiklikləri də nəzərdə tutan referendumun keçirilməsi aktual görünmür.

2023-cü ildən fərqli olaraq, 2024-cü ildə bələdiyyə seçkilərindən başqa, həm də noyabrda Milli Məclisə seçkilərin keçirilməsi planlaşdırıldığına görə, həm referendumun keçirilməsi ağlasığmazdır, həm də ayrılan vəsaitini çox olması barədə iddialar yersiz görünür.

Bu səbəbdən də iki seçki ilə yanaşı, 2024-cü ildə əlavə olaraq referendumun keçirilməsi real deyil.

Diqqət çəkən məqam ondan ibarətdir ki, belə iddialar ortaya atılarkən, aidiyyəti qurumlardan – MSK-dan və Statistika Komitəsindən rəy öyrənilmir, heç bir dəqiqləşmə aparılmır. Bu isə deyilənlərin həqiqiliyinə əsaslı şübhələr yaradır.

Ölkənin taleyüklü məsələləri, o cümlədən seçkilər və referendum barədə iddialarla çıxış etmək üçün vacib məlumat və arqumentlər ortaya qoyulmalıdır. Məsuliyyətsiz bəyanatlar verib, yersiz müzakirələr açan bəzi şəxslərin və media orqanlarının bu tendensiyadan qurtulmasının vaxtıdır.