Canlı tırtılların toplanmasına dair tələblər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Canlı tırtılların toplanması aşağıdakı tələblərə uyğun həyata keçirilir:

– Fitosanitar karantin baxışı zamanı taranın, divarın və ya döşəmənin üzərində olan tırtılların hərəkət etdikləri istiqamətdə qarşısına ağzı açıq sınaq şüşəsi yerləşdirirlər ki, o, sınaq şüşəsinin içərisinə sürünsün. Onun talaşa, kağız parçası və ya neştər ucu ilə itələyərək, sınaq şüşəsinin içərisinə düşməsinə kömək edilir. Canlı tırtılları heç bir halda əl ilə (barmaqla) tutmaq və ya pinset ilə götürmək olmaz.

– Təzə meyvələrdə tapılmış tırtılları kəsilmiş meyvənin üzərində saxlamaq olmaz. Tırtılları ehtiyatla çıxarıb, zədələnmiş meyvənin kiçik hissəsi ilə birlikdə sınaq şüşəsinə yerləşdirmək lazımdır.

– Çıxarma prosesində zədələnmiş tırtıllar az miqdarda su ilə sınaq şüşəsinə yerləşdirilir. Sınaq şüşəsinin ağzı ağac qabığından və ya rezindən olan tıxacla bağlanılır və laboratoriya ekspertizasına cəlb edilir.