Azərbaycanda ötən il qadınlar arasında 2 mindən çox süd vəzisi xərçəngi aşkar edilib. Bunun da daha çoxu erkən süd vəzisi xərçəngi diaqnozu qoyulanlar olub. Son 5-10 ilin göstəricilərinə baxdığımızda süd vəzisi xərçənginin gəncləşdiyini müşahidə edirik.

Heftelik.az-ın məlumatına görə, bunu II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresində jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva deyib.

O bildirib ki, süd vəzisi xərçəngi dünyada ən çox yayılmış xərçəng növlərindən biridir:

“Süd vəzisi xərçəngi diaqnozu qoyulan qadınların sayı ildən-ilə artır. Bu, bir tərəfdən diaqnostika sahəsində inkişafın, digər tərəfdən isə xəstəliyin daha da artdığının göstəricisidir”.

“Diaqnozu təsdiq edilmiş xəstələr arasında gənc xanımların da sayı artmaqdadır. Azərbaycanda da bütün dünyada müşahidə olunan tendensiyaya uyğun olaraq xəstələrin sayı artır. Qadınlarımızın cəmiyyətin bütün sahələrində aktiv iştirak etmələri və yüksək stress faktoru ilə bağlı olaraq onlar arasında bu diaqnozla xəstələnmə halları artır”.

O qeyd edib ki, rayonlarda maarifləndirmə proqramları işlənib hazırlanır və tədris mərkəzilərinə göndərilir.