Hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına ərizə ilə müraciət edəndə ərizəyə nələrin əlavə ediləcəyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
– qeyri-kommersiya qurumunun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi (2 nüsxədə);
– qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar. Təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır;
– dövlət rüsumunun ödənilməsi haqqında sənəd (dövlət rüsumu dövlət büdcəsinə nağd şəkildə ödənildiyi halda bank qəbzinin əsli, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi);
– fondlarda nizamnamə kapitalının on min manatdan az olmayan məbləğdə ödənilməsini təsdiq edən sənəd;
– təsisçi hüquqi şəxs olduqda – onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışının və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
– təsisçi xarici hüquqi şəxs olduqda onun qeydiyyatını təsdiq edən sənədlər (reyestrdən çıxarış və ya qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və s.);- təsisçi fiziki şəxs olduqda – onun şəxsiyyətini təsdiq edən sənədin surəti:
– hüquqi ünvanını təsdiq edən sənəd (qeyri-kommersiya qurumunun yerləşdiyi yerə dair mülkiyyətçinin müvafiq iradə ifadəsini əks etdirən sənəd, qeyri-kommersiya qurumunun yerləşdiyi yerə dair təsisçinin (təsisçilərin) qərarı, siyasi partiyalarda isə rəhbər orqanlarının qərargahının yerləşdiyi yer barədə təsisçilərin qərarı);
– qanuni təmsilçi seçilmiş şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
– Qanuna uyğun olaraq partiya üzvlərinin reyestri. Reyestr elektron qaydada 16 nömrəli Əlavəyə uyğun təqdim edilir.
– qeyri-hökumət təşkilatının təsisçi (təsisçilər) və qanuni təmsilçi (təmsilçilər), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;
– nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi;
– təşkilatı təmsil edən şəxsin səlahiyyətini təsdiq edən sənəd (olduğu halda);
– Qeyri-kommersiya qurumunun adında “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadə olunduqda, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı barədə sənəd.