Kəlbəcər Rayon Polis Şöbəsinə Gəncə şəhər ərazisindəki yataqxanaların birində bir nəfər qadına kəsici-deşici alətlə çoxsaylı xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Bu barədə Heftelik.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qeyd edilib ki, dərhal Kəlbəcər Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hüseyn Abbasov şəxsi münasibətlər zəminində bacısı, 1989-cu il təvəllüdlü Səbinə Abbasovaya çoxsaylı xəsarətlər yetirib, sonuncu xəstəxanaya aparılan zaman ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, “Qafqazinfo”nun məlumatına görə, saat 7 radələrində Kəlbəcər sakinləri üçün inşa edilmiş Yeni qəsəbədə binanın önündə öldürülən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. Onu qətlə yetirən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış və Gəncəyə gələrək ögey bacısını qətlə yetirib.