Cinayət mühakimə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi proseduru açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət mühakimə icraatında prosessual hərəkətlər aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin hüquqi varisi, xüsusi ittihamçı, onların qanuni nümayəndələri və nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, şahid, ekspert, mütəxəssis, tərcüməçi, yaxud məhkumun bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər:
– göstərilən şəxslərin həyatı və sağlamlığı üçün real təhdidlər olduqda onların təhlükəsizliyinin təmin edilməsi, habelə onlara kənar təsirlərin qarşısının alınması zərurəti yarandıqda;
– səhhətinin vəziyyəti, yaxud şübhəli, təqsirləndirilən şəxs və ya məhkum istisna olmaqla göstərilən başqa şəxslərlə bağlı digər üzrlü səbəblər onların müvafiq icraatda bilavasitə iştirakını qeyri-mümkün etdikdə;
– yetkinlik yaşına çatmayan şəxsin mənafeyinin qorunması zərurəti yarandıqda;
– təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində göstərilən şəxslər müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə.