Milli Məclisin deputatı Razi Nurullayev bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hökumət üzvlərinin iştirakı ilə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Dövlət Reklam Agentliyinin fəaliyyətinin yarıtmaz olduğunu bəyan edib.

Heftelik.az-ın məlumatına görə, deputat deyib ki, qanuni məsələ həllini tapmır: “Deputat xahiş etməlidir? Deputatın başqa işi-gücü yoxdur? Niyə xahiş etməliyik? Vəzifəni yerinə yetir də.  Bunlardan birini bu gün səsləndirirəm. Reklam Agentliyi. Tam olaraq özbaşına qurumdur. Səlahiyyətlərindən sui-istifadə edir, sərbəst və yaradıcı ideyaları boğur, özbaşına qərarlar qəbul edir, reklamları qopardır. Mənə deyirlər ki, hər küncə adam qoyub ki, nəzarət etsinlər, onların bığının altından keçməyənləri isə sıxışdırsınlar. Əsas problem nədir? Hamı istəyir ki, tutucu və kəsici olsun, nəzarət eləsin. Aidiyyatı oldu-olmadı müdaxilə edilir. Axı niyə, nə ixtiyarınız var? Əgər dövlət qurumu qanunu kobud şəkildə pozursa, onda belə çıxır ki, qanunlar kasıblar, dayaqsızlar üçün yazılıb?

Əzizim, sən tutucu, sökücü orqan deyilsən. Sənin işin yalnız nəzarətdən ibarət deyil, hər küncə bələdçi, gözətçi qoyub insanları güdəsən. Sənin işin tənzimləməkdir. Tənzimləyə bilmirsən, niyə oturmusan orada? Zəhmət çək kreslonu vakant elə. Bir neçə qurum var ki, özbaşınalıqla məşğuldur. Biri də reklam agentliyi. Öz məsuliyyətini parlamentin və nazirlər kabinetinin üzərinə atır. Təqdim etsin görək, onlar nə zaman dəyişikliklərlə bağlı Parlamentə müraciət ediblər? Etməzlər, çünki, sərf edir ki, boşluqlardan istifadə edib özbaşınalıqla məşğul olsunlar.

Bəzən iş adamlarını qoyurlar vəzifəyə, gəlir dövlət işinə elə yanaşır ki, elə bil şəxsi firmasıdır. Çünki, qoyub gəldiyi firmalarını yenə də qəşəngcə idarə edir, dövlət idarəsinə isə holdinq kimi yanaşır. Dövlət idarəsi bunların baş şirkəti, qalan MMC-lər də holdinqin tərkibində. Bu cür düşüncəli şəxslərin hamısını dövlət vəzifəsindən uzaqlaşdırmaq lazımdır”.

Qeyd edək ki, deputat Razi Nurullayevin bu gün  parlamentdə Dövlət Reklam Agentliyin və rəhbərliyini tənqidinin üzərindən heç 1 saat keçməmiş Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov “Dövlət Reklam Agentliyindən yeni rekord nəticə!” sərlövhəsi ilə müsahibəsini Report agentliyində yerləşdirib…