Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi təsdiq edilib.

Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının NİZAMNAMƏSİ

2023-cü il 3 noyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Milli Elmlər Akademiyası (bundan sonra – Akademiya) Azərbaycan Respublikasında elmin inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən dövlət ali elmi təşkilatıdır.

1.2. Akademiya qeyri-kommersiya hüquqi şəxsidir.

1.3. Akademiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.4. Akademiya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Akademiya elmi fəaliyyətini strukturuna daxil olan elmi müəssisə və təşkilatlar (bundan sonra – elmi müəssisə), habelə elmi bölmələri vasitəsilə həyata keçirir.

1.6. Akademiyanın müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, loqotipi (emblemi), bayrağı, müvafiq ştampları və blankları vardır.

1.7. Akademiya dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait, kreditlər, qrantlar, ianələr, habelə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, innovasiya, sahibkarlıq və digər fəaliyyət sahələrindən daxilolmalar hesabına maliyyələşir.

1.8. Qanuna uyğun olaraq, Akademiyanın əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Akademiya məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.9. Akademiyanın rəsmi adı aşağıdakı kimidir:

1.9.1. tam halda – Azərbaycan Milli Elmlər Akademiyası, qısaldılmış halda – AMEA;

1.9.2. ingilis dilində tam halda – Azerbaijan National Academy of Sciences, ingilis dilində qısaldılmış halda – ANAS.

1.10. Akademiya Bakı şəhərində yerləşir.

2. Akademiyanın fəaliyyətinin məqsədi və istiqamətləri

2.1. Təbiət, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə, Azərbaycan Respublikasının iqtisadi, sosial, mədəni və innovativ inkişafına xidmət göstərmək Akademiyanın fəaliyyətinin əsas məqsədidir.

2.2. Akademiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. elm sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

2.2.2. Akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvlərinin seçkilərini təşkil etmək və keçirmək;

2.2.3. həyata keçirdiyi elmi tədqiqatların Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair milli prioritetlərə və inkişaf strategiyasına uyğun təşkilini və inkişafını təmin etmək;

2.2.4. elmi potensialın formalaşdırılması və qorunması mühitini təmin etmək;

2.2.5. elmi innovasiyanı və elmin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.2.6. strukturuna daxil olan elmi müəssisələrdə elmi-metodik və elmi təşkilati işlər həyata keçirmək.

3. Akademiyanın vəzifələri

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Akademiyanın vəzifələri aşağıdakılardır:

3.1.1. elm sahəsində normativ hüquqi aktların, dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların hazırlanmasında, bu sahənin prioritet inkişaf istiqamətlərinin və inkişaf strategiyasının müəyyənləşdirilməsində iştirak etmək;

3.1.2. elmi tədqiqatlar aparılmasını təşkil və təmin etmək, elmi tədqiqatların elm sahəsində dövlət siyasətinin əsas prioritetlərinə uyğun təşkilinə dəstək vermək;

3.1.3. ekspertizalar, o cümlədən elmi ekspertizalar təşkil etmək və keçirmək;

3.1.4. elm sahəsində islahatlar aparılmasında, elmi infrastrukturun təkmilləşdirilməsində və elmin maddi-texniki bazasının müasirləşdirilməsində iştirak etmək;

3.1.5. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Akademiyanın səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.6. Azərbaycan dilinin qorunmasında, azərbaycançılıq və milli dövlətçilik ideologiyasının elmi əsaslarının işlənib hazırlanmasında iştirak etmək, bu istiqamətdə ardıcıl və sistemli tədqiqatlar aparmaq;

3.1.7. Azərbaycan ədəbi-ictimai fikrinin, mədəniyyətinin, tarixi-mədəni irsinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və inkişaf etdirilməsinə dair elmi tədqiqatlar həyata keçirmək;

3.1.8. görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin elmi irsini, şəxsi arxivlərini, əlyazmalarını, tarixi əhəmiyyət kəsb edən digər materialları qoruyub saxlamaq və istifadə üçün təqdim etmək, elmi məktəbləri inkişaf etdirmək;

3.1.9. apardığı elmi tədqiqat işlərini elmin prioritet inkişaf sahələrinə və istiqamətlərinə uyğunlaşdırmaq;

3.1.10. sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirləri Akademiyanın inkişafına və əməkdaşlarının sosial müdafiəsinə yönəltmək;

3.1.11. elmi innovasiyanı təşviq etmək;

3.1.12. elmi müəssisə və təşkilatlarla, ali təhsil müəssisələri ilə, təsis sənədlərində elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklər və digər hüquqi şəxslərlə əməkdaşlıq etmək, sahələrarası elmi tədqiqat işlərini inkişaf etdirmək;

3.1.13. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.14. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.15. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.16. Akademiyanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.17. Akademiyaya ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadəni təmin etmək;

3.1.18. Akademiyanın informasiya təminatını təşkil və onun təhlükəsizliyini təmin etmək;

3.1.19. Akademiyanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.20. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.21. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Akademiyanın hüquqları

 

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Akademiyanın aşağıdakı hüquqları vardır:

4.1.1. elm sahəsində normativ hüquqi akt layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;

4.1.2. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.3. fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək, onların icrasına nəzarət etmək;

4.1.4. strukturuna daxil olan qurumlarda Akademiyanın Rəyasət Heyətinin (bundan sonra – Rəyasət Heyəti) qərarlarının və Akademiya prezidentinin əmr və sərəncamlarının icrası, kargüzarlıq işinin təşkili, müraciətlərə baxılma, həmçinin əmək və icra intizamına riayət olunması vəziyyətini yoxlamaq və tədbirlər görmək;

4.1.5. elmin inkişafı ilə bağlı qərarların qəbul edilməsində iştirak etmək;

4.1.6. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.1.7. elmi mübadilə proqramlarında, müsabiqələrdə və qrant layihələrində iştirak etmək;

4.1.8. beynəlxalq təşkilatlara, digər ölkələrin akademiyalarına, elmi cəmiyyətlərə və assosiasiyalara üzv seçilmək;

4.1.9. dünyanın tanınmış alimləri ilə birgə elmi tədqiqatlar aparmaq, elmi ekspedisiyalarda, elmi tədbirlərdə iştirak etmək, elmi məruzələrlə çıxış etmək və ya tövsiyələr vermək üçün onları Azərbaycan Respublikasına dəvət etmək;

4.1.10. Azərbaycan alimlərini beynəlxalq elmi qurumların mükafatlarını almaq, beynəlxalq qrant layihələrində və müsabiqələrdə iştirak üçün təqdim etmək;

4.1.11. xarici ölkələrin müvafiq qurumları ilə təcrübə mübadiləsi etmək;

4.1.12. beynəlxalq elmi laboratoriyalar təsis etmək, onların fəaliyyətini təşkil etmək;

4.1.13. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.1.14. strukturuna daxil olan elmi müəssisələrin fəaliyyətini tənzimləmək və inkişafına dəstək vermək;

4.1.15. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, strukturuna daxil olan qurumların yenidən təşkili və ləğvi barədə qərarlar qəbul etmək;

4.1.16. elmi innovasiya fəaliyyəti və fəaliyyət istiqamətlərinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

4.1.17. əməkdaşlarının əmək və sosial-məişət şəraitinin, maddi təminatının yaxşılaşdırılması və sağlamlığının qorunması üçün tədbirlər görmək;

4.1.18. Akademiyanın ehtiyacları üçün əsaslı tikinti aparılması, tikinti obyektlərinin yenidən qurulması və təmiri ilə bağlı işlər görmək;

4.1.19. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, problem şuraları, komitələr, komissiyalar yaratmaq və onların fəaliyyətini təşkil etmək;

4.1.20. Akademiyanın inkişafı fondunu yaratmaq və fəaliyyətini təşkil etmək;

4.1.21. həyata keçirdiyi elmi tədqiqatlar üzrə monitorinqlər aparmaq, elmi ekspedisiyalar, çöl təcrübələri təşkil etmək;

4.1.22. strukturuna daxil olan qurumlarda aparılan elmi tədqiqatlar üzrə ekspertizalar təşkil etmək və səmərəliliyin qiymətləndirilməsi ilə bağlı tədbirlər həyata keçirmək;

4.1.23. strukturuna daxil olan qurumların müvafiq dövr üçün elmi fəaliyyətini təhlil etmək və tövsiyələr vermək;

4.1.24. elmi kəşf və ixtiraların ekspertizasında iştirak etmək;

4.1.25. doktorantura və dissertantlıq yolu ilə ixtisaslı elmi kadrlar hazırlamaq;

4.1.26. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, tarix və mədəniyyət abidələrinin qorunmasında iştirak etmək, həmçinin abidələrin tədqiqini təmin etmək;

4.1.27. rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

4.1.28. ensiklopediyalar, toplular, tədqiqat əsərləri və digər çap media məhsulları nəşr etmək;

4.1.29. xaricdə yaşayan görkəmli azərbaycanlı alimlərlə əlaqələri inkişaf etdirmək, elmi diasporla iş aparmaq, qrant layihələrində birgə iştirak məqsədilə tədbirlər görmək;

4.1.30. mükafatlar təsis və təqdim etmək, müsabiqələr keçirmək və qrantlar vermək;

4.1.31 konfranslar, müşavirələr, seminarlar və digər tədbirlər təşkil etmək və keçirmək;

4.1.32. Akademiya üzvlərini, strukturuna daxil olan qurumların işçilərini dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

4.1.33. Akademiyanın strukturuna daxil olan qurumların digər elmi müəssisə və təşkilatlarla, təhsil müəssisələri ilə əlaqəli fəaliyyəti üçün tədbirlər görmək;

4.1.34. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Akademiyanın üzvləri

5.1. Akademiyanın üzvləri bu Nizamnaməyə uyğun olaraq seçilmiş həqiqi, müxbir, xarici və fəxri üzvlərdən ibarətdir.

5.2. Akademiyanın həqiqi və müxbir üzvlərinin sayını Akademiyanın Ümumi Yığıncağının qərarına əsasən Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.

5.3. Akademiyanın həqiqi üzvləri (akademikləri) Azərbaycan Respublikasının vətəndaşı olan, elmi istiqamətlər üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, elmi məktəblər yaradan Akademiyanın müxbir üzvləri sırasından seçilirlər.

5.4. Akademiyanın müxbir üzvləri elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikası vətəndaşları sırasından seçilirlər.

5.5. Akademiyanın xarici üzvləri xarici dövlətlərin dünya və Azərbaycan elminə dəyərli töhfələr verən alimləri sırasından seçilirlər.

5.6. Akademiyanın fəxri üzvləri dünya miqyasında dövlət, ictimai, elm və mədəniyyət xadimləri kimi tanınmış Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sırasından seçilirlər.

5.7. Akademiyanın həqiqi və müxbir üzvləri ömürlük seçilirlər.

5.8. Akademiyanın həqiqi və ya müxbir üzvü Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda, Rəyasət Heyətinin qərarı ilə Akademiyanın xarici üzvü hesab edilir.

5.9. Akademiyanın hər bir üzvü Akademiyanın elmi bölmələrindən (bundan sonra – elmi bölmə) birinin tərkibində təmsil olunur.

5.10. Akademiyanın üzvləri Akademiyanın Ümumi Yığıncağında, Rəyasət Heyətinin iclaslarında, tərkibində olduqları elmi bölmənin Ümumi Yığıncağının, Rəyasət Heyətinin və Elmi Şurasının iclaslarında iştirak edirlər.

5.11. Akademiyanın üzvü başqa elmi bölmənin işində və iclaslarında bölmə üzvlərinin bütün hüquqlarından (seçkilərdə səsvermə hüququ istisna olmaqla) istifadə etməklə iştirak edə bilər.

5.12. Akademiyanın xarici və fəxri üzvü Akademiyanın Ümumi Yığıncağının və tərkibində olduğu elmi bölmənin Ümumi Yığıncağının işində məşvərətçi səs hüququ ilə iştirak edir.

5.13. Akademiyanın üzvü elmi tədqiqatların inkişafına və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə dair təkliflərini tərkibində olduğu elmi bölməyə və ya Rəyasət Heyətinə təqdim edir.

5.14. Akademiya üzvlərinin seçkiləri üç ildə bir dəfədən az olmayaraq keçirilir.

5.15. Akademiyanın həqiqi, xarici və fəxri üzvləri Akademiyanın (elmi bölmənin) Ümumi Yığıncağında iştirak edən Akademiyanın həqiqi üzvləri, Akademiyanın müxbir üzvləri isə Akademiyanın (elmi bölmənin) Ümumi Yığıncağında iştirak edən həqiqi və müxbir üzvləri tərəfindən seçilirlər.

5.16. Akademiyanın həqiqi və müxbir üzvləri gizli səsvermə yolu ilə, üçdə iki səs çoxluğu ilə, xarici və fəxri üzvləri isə açıq səsvermə yolu ilə, sadə səs çoxluğu ilə seçilirlər.

6. Akademiyanın idarə olunması və strukturu

6.1. Akademiyanın ali idarəetmə orqanı Akademiyanın Ümumi Yığıncağıdır.

6.2. Akademiyanın kollegial icra orqanı Rəyasət Heyətidir.

6.3. Akademiyanın fəaliyyətinə Akademiyanın prezidenti rəhbərlik edir.

6.4. Akademiyanın strukturunu və işçilərinin say həddini Akademiyanın təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

7. Akademiyanın Ümumi Yığıncağı

 

7.1. Akademiyanın Ümumi Yığıncağı onun həqiqi, müxbir, xarici və fəxri üzvlərindən ibarətdir.

7.2. Akademiyanın Ümumi Yığıncağı:

7.2.1. Akademiyanın Nizamnamə Komissiyasının təqdimatı ilə Akademiyanın nizamnaməsini və nizamnaməsində dəyişiklikləri qəbul edir və təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

7.2.2. Akademiyanın prezidentini seçir və təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

7.2.3. Rəyasət Heyəti üzvlərinin sayını və Rəyasət Heyətinin tərkibini təsdiq edir;

7.2.4. Akademiyanın vitse-prezidentlərini, akademik katibini, regional elmi bölmələrin sədrlərini, habelə Rəyasət Heyətinin digər üzvlərini 5 (beş) il müddətinə (bu Nizamnamənin 8.5-ci bəndi nəzərə alınmaqla) seçir;

7.2.5. Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında əsasnaməni və həmin əsasnamədə dəyişiklikləri təsdiq edir;

7.2.6. Akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvlərini seçir;

7.2.7. Rəyasət Heyətinin bütün üzvlərinin buraxılması və yenidən seçilməsi barədə əsaslandırılmış qərar qəbul edir;

7.2.8. Akademiyanın Ümumi Yığıncağının iclaslarının Rəyasət Heyəti tərəfindən təqdim edilmiş gündəliyini müzakirə və təsdiq edir;

7.2.9. Rəyasət Heyətinin təqdimatı ilə elmi tədqiqatların əsas istiqamətlərini müzakirə və təsdiq edir;

7.2.10. Akademiyanın və Rəyasət Heyətinin fəaliyyəti haqqında illik hesabatı müzakirə və təsdiq edir, habelə ölkə üzrə il ərzində əldə olunmuş mühüm elmi nəticələri müzakirə edir və tövsiyələr verir;

7.2.11. Akademiyanın Nizamnamə Komissiyasının sədrini Akademiyanın Ümumi Yığıncağında iştirak edən üzvlərin üçdə iki səs çoxluğu ilə açıq səsvermə yolu ilə seçir və Akademiyanın Nizamnamə Komissiyasının tərkibini təsdiq edir;

7.2.12. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, Rəyasət Heyətinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla verdiyi təqdimat əsasında elmi bölmələrin yaradılması, yenidən təşkili və ləğvi barədə qərar qəbul edir;

7.2.13. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, Rəyasət Heyətinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla verdiyi təqdimat əsasında Akademiyanın strukturunda elmi müəssisələrin yaradılması, yenidən təşkili və ləğvi barədə qərar qəbul edir.

7.3. Akademiyanın Ümumi Yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılır.

7.4. Akademiyanın Ümumi Yığıncağı Akademiya və Rəyasət Heyəti üzvlərinin, o cümlədən Akademiya prezidentinin, vitse-prezidentlərin, akademik katibin və regional elmi bölmə sədrlərinin seçkiləri zamanı Akademiyanın həqiqi üzvlərinin azı üçdə iki hissəsi, qalan məsələlər üzrə Akademiyanın həqiqi və müxbir üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

7.5. Akademiyanın Ümumi Yığıncağının qərarları bu Nizamnamədə nəzərdə tutulmuş hallar istisna olmaqla, sadə səs çoxluğu ilə açıq səsvermə yolu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

7.6. Akademiyanın nizamnaməsi və nizamnaməsində dəyişiklik Akademiyanın Ümumi Yığıncağında iştirak edən həqiqi və müxbir üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

7.7. Akademiyanın Ümumi Yığıncağının keçirilməsi vaxtı Rəyasət Heyəti tərəfindən təyin olunur və elan edilir.

7.8. Akademiyanın üzvləri, elmi bölmələr və elmi müəssisələr tərəfindən Akademiyanın Ümumi Yığıncağında müzakirə olunacaq məsələlərə dair təkliflər Rəyasət Heyətinə təqdim edilir. Akademiyanın Ümumi Yığıncağının iclaslarının gündəliyini Rəyasət Heyəti tərtib edir.

8. Rəyasət Heyəti

8.1. Rəyasət Heyəti Akademiyanın prezidentindən, vitse-prezidentlərindən, akademik katibindən və regional elmi bölmə sədrlərindən ibarətdir. Akademiyanın digər həqiqi üzvləri də Rəyasət Heyətinin üzvü seçilə bilərlər.

8.2. Rəyasət Heyətinin tərkibi Akademiya prezidentinin təqdimatı ilə bu Nizamnamənin 7.2.3-cü yarımbəndinə uyğun olaraq formalaşdırılır.

8.3. Rəyasət Heyətinin üzvləri Akademiyanın Ümumi Yığıncağında iştirak edən həqiqi üzvlərin üçdə iki səs çoxluğu ilə gizli səsvermə yolu ilə seçilirlər.

8.4. Rəyasət Heyətinin bütün üzvlərinin seçkiləri 5 (beş) ildən bir keçirilir.

8.5. Rəyasət Heyətinin üzvü vəfat etdikdə və ya öz ərizəsi əsasında üzvlükdən çıxdıqda, Akademiyanın Ümumi Yığıncağı Rəyasət Heyətinin növbəti seçkisinə qədər qalan müddət üçün (90 (doxsan) təqvim günündən az olmamaqla) Rəyasət Heyətinin yeni üzvünü seçir.

8.6. Rəyasət Heyətinin iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Rəyasət Heyətinin qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə açıq səsvermə yolu ilə qəbul olunur.

8.7. Rəyasət Heyəti hər il Akademiyanın apardığı elmi tədqiqatların nəticələri və öz fəaliyyəti haqqında Akademiyanın Ümumi Yığıncağına hesabat verir.

8.8. Rəyasət Heyəti:

8.8.1. Akademiyanın Ümumi Yığıncaqları arasındakı dövrdə Akademiyanın fəaliyyətini idarə edir, Akademiyanın Ümumi Yığıncağının qərarlarını icra edir;

8.8.2. Akademiyanın Ümumi Yığıncağının iclaslarının vaxtını təyin edir, iclasları çağırır və keçirir;

8.8.3. Akademiyanın apardığı elmi tədqiqat işlərinin planını təsdiq edir;

8.8.4. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, Akademiyanın strukturuna daxil olan müəssisələrin strukturunu müəyyən edir;

8.8.5. Akademiyanın bayrağı, habelə elmi bölməsi haqqında əsasnamələri təsdiq edir;

8.8.6. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Aparatının əsasnaməsini və strukturunu təsdiq edir;

8.8.7. regional elmi bölmələrin rəyasət heyətləri üzvlərinin sayını və tərkibini təsdiq edir;

8.8.8. Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Akademiyanın fəaliyyətinə dair illik hesabat təqdim edir;

8.8.9. Akademiyanın inkişafı fondunu yaradır, həmin fondda toplanan maliyyə vəsaitinin Akademiya əməkdaşlarının sosial müdafiəsinə, mükafatlandırılmasına və elmin inkişafı üçün zəruri məsələlərin həllinə yönəldilməsini təmin edir;

8.8.10. Akademiyanın ştat cədvəlini təsdiq edir;

8.8.11. Akademiyada əqli mülkiyyət hüquqlarının, dövlət və kommersiya sirlərinin, xidməti istifadə üçün nəzərdə tutulan informasiyanın qorunmasını təmin edir;

8.8.12. Akademiyanın fəaliyyət istiqamətləri üzrə elmi sessiyaların, konfransların, simpoziumların, elmi festivalların, forumların və digər tədbirlərin keçirilməsi ilə bağlı məsələləri həll edir;

8.8.13. Akademiyanın nəşriyyat işi sahəsində fəaliyyət planlarını təsdiq edir və yerinə yetirilməsinə nəzarəti həyata keçirir;

8.8.14. çap mediası və onlayn media subyekti təsis etmək barədə qərar qəbul edir, jurnalların baş redaktorlarını vəzifəyə təyin və vəzifədən azad edir, habelə redaksiya heyətlərinin tərkibini təsdiq edir;

8.8.15. Akademiyanın beynəlxalq elmi əlaqələrini təşkil edir;

8.8.16. Azərbaycan elmi qarşısında xidmətləri olan və elmi-ədəbi əlaqələrdə fəal iştirak edən xarici ölkə alimlərinə, həmçinin ictimai xadimlərə və ya mədəniyyət xadimlərinə “Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru” və ya “Azərbaycan Milli Elmlər Akademiyasının fəxri professoru” adları verir və fəxri doktor və ya fəxri professor diplomları təqdim edir;

8.8.17. elmi tədqiqat işlərinin nəticələrinin tətbiqi üçün təkliflər verir;

8.8.18. Akademiyanın vitse-prezidentlərinin və regional elmi bölmə sədrlərinin elmi bölmələrin fəaliyyəti barədə hesabatını dinləyir;

8.8.19. Akademiyanın fəaliyyətinə dair illik hesabatı Akademiyanın Ümumi Yığıncağının müzakirəsinə təqdim edir;

8.8.20. üzvləri arasında vəzifə bölgüsü aparır, səlahiyyətlərinə aid kadr məsələlərini həll edir;

8.8.21. Akademiyanın vəzifəli şəxsləri və strukturuna daxil olan qurumlar tərəfindən bu Nizamnaməyə əməl olunmasına nəzarət edir;

8.8.22. fəaliyyətini təmin etmək məqsədilə məşvərətçi orqanlar, həmçinin fundamental və tətbiqi problemlər, regional məsələlər üzrə elmi şuralar, komissiyalar, mərkəzlər və digər orqanlar yaradır, onların tərkibini müəyyən edir və sədrlərini təyin edir;

8.8.23. Akademiyanın illik büdcəsini təsdiq edir, dövlət büdcəsindən ayrılan və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət edir;

8.8.24. növbəti maliyyə ili üçün Akademiyanın büdcə maliyyələşdirilməsi planının istiqamətlərini və prioritetlərini müəyyən edir, dövlət büdcəsinin tərtibinə dair təkliflər hazırlayır;

8.8.25. müzakirə etdiyi məsələlər barəsində qərarlar qəbul edir və icrasına nəzarət edir.

8.9. Akademiyanın vitse-prezidenti və regional elmi bölmənin sədri rəhbərlik etdiyi elmi bölmənin Ümumi Yığıncağının (Rəyasət Heyətinin) və Elmi Şurasının işini təşkil edir.

8.10. Akademiyanın akademik katibi Rəyasət Heyətinin iclaslarını təşkil edir və Rəyasət Heyətinin fəaliyyətinin elmi müəssisələrlə əlaqələndirilməsini təmin edir.

8.11. Akademiyanın akademik katibi vəzifəsi Rəyasət Heyətinin qərarı ilə vitse-prezidentlərdən birinə həvalə edilə bilər.

9. Akademiyanın prezidenti

9.1. Akademiyanın prezidenti Akademiyanın Ümumi Yığıncağında Akademiyanın həqiqi üzvləri sırasından seçilir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən həmin vəzifəyə təsdiq edilir.

9.2. Akademiyanın prezidenti Akademiyanın Ümumi Yığıncağında iştirak edən həqiqi üzvlərin üçdə iki səs çoxluğu ilə gizli səsvermə yolu ilə 5 (beş) il müddətinə seçilir.

9.3. Akademiyanın prezidenti:

9.3.1. Akademiyanın fəaliyyətini təşkil edir;

9.3.2. Akademiyanın Ümumi Yığıncağına və Rəyasət Heyətinin iclaslarına sədrlik edir;

9.3.3. Akademiyanın əmlakından istifadə və maliyyə vəsaiti barədə sərəncam verir;

9.3.4. Akademiyanı təmsil edir, müqavilələr bağlayır, etibarnamələr verir və digər hüquqi hərəkətləri həyata keçirir;

9.3.5. dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitinin Akademiyanın müəssisələri arasında bölgüsünü təsdiq edir;

9.3.6. Azərbaycan Respublikası Prezidentinin verdiyi səlahiyyətlər əsasında beynəlxalq müqavilələr imzalayır;

9.3.7. Rəyasət Heyəti Aparatının işçilərini və Rəyasət Heyətinin təsdiq etdiyi nomenklatur çərçivəsində digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, işçilər barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

9.3.8. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, Akademiyanın elmi müəssisəsinin (regional elmi bölmə istisna olmaqla) rəhbərini (elmi müəssisənin tərkibində olduğu elmi bölmənin Ümumi Yığıncağında gizli səsvermə yolu ilə 5 (beş) il müddətinə seçildikdən və Rəyasət Heyəti tərəfindən təsdiq olunduqdan sonra) həmin vəzifəyə təyin və vəzifədən azad edir;

9.3.9. Akademiyanın elmi müəssisəsi (regional elmi bölmə istisna olmaqla) rəhbərinin elmi işlər üzrə müavinini (elmi bölmənin Elmi Şurasında 5 (beş) il müddətinə seçildikdən və Rəyasət Heyəti tərəfindən təsdiq olunduqdan sonra) həmin vəzifəyə təyin və vəzifədən azad edir;

9.3.10. Rəyasət Heyətinin Aparatı və Akademiyanın strukturuna daxil olan digər qurumlar üçün icrası məcburi olan daxili sərəncam və əmrlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

9.3.11. Akademiyanın strukturuna daxil olan qurumlarda monitorinqlər aparılması, strateji fəaliyyət planlarının hazırlanması, ekspertiza işlərinin təşkili məqsədilə mütəxəssislərdən ibarət işçi qruplar, komissiyalar, eləcə də koordinasiya və idarəetmə şuraları yaradır.

9.4. Akademiyanın prezidenti müvəqqəti olmadıqda, səlahiyyətlərinin icrasını vitse-prezidentlərdən birinə həvalə edə bilər.

10. Elmi bölmə, regional elmi bölmə və regional elmi mərkəz

10.1. Elmi bölmə Akademiya üzvlərinin seçkisinin keçirilməsi, elm sahələri üzrə elmi tədqiqatların inkişafı, elmi fəaliyyətin səmərəli təşkili və elmi əməkdaşlığın təmin edilməsi məqsədilə yaradılır.

10.2. Regional elmi bölmə və regional elmi mərkəz Akademiyanın strukturuna daxil olan elmi müəssisədir.

10.3. Elmi bölmə, Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, Rəyasət Heyətinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla verdiyi təqdimat əsasında Akademiyanın Ümumi Yığıncağı tərəfindən yaradılır.

10.4. Elmi bölmənin yaradılması barədə qərar Akademiyanın Ümumi Yığıncağında iştirak edən həqiqi üzvlərin üçdə iki səs çoxluğu ilə gizli səsvermə yolu ilə qəbul edilir.

10.5. Elmi bölmələrin fəaliyyətinə ümumi rəhbərliyi Akademiyanın vitse-prezidentləri, regional elmi bölmələrin fəaliyyətinə ümumi rəhbərliyi regional elmi bölmələrin sədrləri həyata keçirirlər.

10.6. Elmi bölmənin (regional elmi bölmə istisna olmaqla) ali idarəetmə orqanı bu bölmədə birləşən Akademiya üzvlərindən ibarət Ümumi Yığıncaqdır.

10.7. Elmi bölmənin (regional elmi bölmə istisna olmaqla) Ümumi Yığıncağının iclasları arasındakı dövrdə onun işini elmi bölmənin Elmi Şurası həyata keçirir.

10.8. Elmi bölmənin (regional elmi bölmə istisna olmaqla) Elmi Şurasının tərkibi Akademiyanın həqiqi və müxbir üzvləri sırasından, həmin elmi bölmənin Ümumi Yığıncağında iştirak edən üzvlərin üçdə iki səs çoxluğu ilə gizli səsvermə yolu ilə 5 (beş) il müddətinə seçilir və Rəyasət Heyəti tərəfindən təsdiq olunur. Elmi bölmənin (regional elmi bölmə istisna olmaqla) Elmi Şurası üzvlərinin sayını Akademiyanın prezidenti müəyyən edir.

10.9. Tərkibində Akademiyanın elmi müəssisəsi olan elmi bölmə əhatə etdiyi elm sahələri üzrə Akademiya üzvlərinin seçkisini keçirir, elmi müəssisə rəhbərinin və onun elmi işlər üzrə müavininin seçkisini keçirərək təsdiq edilməsi üçün Rəyasət Heyəti qarşısında vəsatət qaldırır, habelə elmi müəssisənin elmi katibini və elmi işçilərini seçir, bölməyə elmi-təşkilati rəhbərlik edir və elmi-metodik işi həyata keçirir.

10.10. Tərkibində Akademiyanın elmi müəssisəsi olmayan elmi bölmə əhatə etdiyi elm sahələri üzrə Akademiya üzvlərinin seçkisini keçirir, elmi müzakirələr təşkil edir, elmi-metodik kömək göstərir və tövsiyələr verir.

10.11. Elmi bölmə (regional elmi bölmə istisna olmaqla) Ümumi Yığıncağında seçilən Akademiyanın həqiqi və müxbir üzvlüyünə namizədlər barədə Akademiyanın Ümumi Yığıncağı qarşısında vəsatət qaldırır.

10.12. Regional elmi bölmələr və regional elmi mərkəzlər əhatə etdikləri regionların təbii sərvətlərini, tarixini, arxeologiyasını, mədəniyyətini, o cümlədən ədəbiyyatını və folklorunu öyrənmək işini təşkil edir, ölkənin sosial-iqtisadi inkişafının müxtəlif problemlərinin araşdırılmasında Akademiyanın səlahiyyətləri çərçivəsində iştirak edir, elmi tədqiqat fəaliyyəti ilə məşğul olurlar.

10.13. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, Akademiyanın regional elmi bölməsinin ali idarəetmə orqanı onun Rəyasət Heyətidir.

10.14. Regional elmi bölmənin Rəyasət Heyəti regional elmi bölmənin sədrindən, sədr müavinlərindən, elmi katibindən və digər üzvlərdən ibarətdir. Regional elmi bölmənin Rəyasət Heyətinin üzvləri həmin bölmə üzrə Akademiyanın həqiqi və müxbir üzvlərindən və Akademiyanın Rəyasət Heyəti tərəfindən təyin edilən digər həqiqi və müxbir üzvlərdən, habelə strukturuna daxil olan elmi müəssisələrin rəhbərlərindən təşkil olunur.

10.15. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, regional elmi bölmənin sədri Akademiyanın Ümumi Yığıncağında iştirak edən həqiqi üzvlərinin üçdə iki səs çoxluğu ilə gizli səsvermə yolu ilə seçilir və Akademiyanın prezidenti tərəfindən həmin vəzifəyə təyin və vəzifədən azad edilir.

10.16. Regional elmi bölmənin Rəyasət Heyəti sədrinin müavini, elmi katibi və Rəyasət Heyətinin digər üzvləri (Akademiyanın həmin bölmə üzrə üzvləri istisna olmaqla) həmin elmi bölmə sədrinin təqdimatı əsasında Akademiyanın Rəyasət Heyəti tərəfindən həmin vəzifələrə təsdiq edilirlər.

10.17. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, Akademiyanın regional elmi mərkəzinin rəhbərini Akademiyanın prezidenti həmin vəzifəyə təyin və vəzifədən azad edir.

11. Akademiyanın əmlakı və maliyyə fəaliyyətinin əsasları

 

11.1. Akademiyanın əmlakı təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

11.2. Akademiya balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

11.3. Akademiyanın maliyyələşdirilməsi hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilir.

12. Akademiyada uçot və hesabat

12.1. Akademiya “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib və təqdim edir.

12.2. Akademiya “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

 

13. Akademiyanın ləğvi və yenidən təşkili

 

Akademiyanın ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.