“Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə şöbə müdiri vəzifəsində işləyən İlqar Qaracayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edib.
Prokuror ittiham aktını elan edib.
İttihama görə, İlqar Qaracayev hərbi xidmətə yararlı olan ayrı-ayrı çağırışçıların hərbi xidmətə yararsız hesab edilmələri barədə saxta tibbi rəylərin verilməsi müqabilində onlardan 18 min manatdan artıq məbləğdə rüşvət alıb. İttihama münasibət bildirən İlqar Qaracayev özünü təqsirli bilməyib.
O, ifadəsində heç kimdən rüşvət almadığını və ittihamlar razılaşmadığını qeyd edib.
İlqar Qaracayev sonda geniş ifadə verəcəyini deyib.
Prosesdə şahid qismində xəstəxananın iki əməkdaşı ifadə verib. Şahidlər xəstəxanaya yararsız olması ilə bağlı müraciət edən şəxslərdən İlqar Qad pul alınmasını görmədiklərini deyiblər.
Proses noyabrın 6-da davam edəcək.
Qeyd edək ki, İlqar Qaracayevin qeyd olunan vəzifədə işləyərkən hərbi xidmətə yararlı olan ayrı-ayrı çağırışçıların hərbi xidmətə yararsız hesab edilmələri barədə saxta tibbi rəylərin verilməsi müqabilində onlardan 18 min manatdan artıq məbləğdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında İlqar Qaracayevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilərək səhhəti və yaşı nəzərə alınmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.