Annalena Berbokun Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı mesajlarını yüksək dəyərləndirirəm. Ancaq xanım nazir Şuşa və Xankəndinin adını çəkərkən bu şəhərlərlə bağlı ikinci adlar da çəkdi.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Ceyhun Bayramov deyib ki, hər suveren ölkənin ərazisindəki adlar BMT-nin müvafiq komitəsinə təqdim olunub və həmin coğrafi adlar çəkilməlidir: “Həmin reyestrdə Almaniya XİN başçısının istifadə etdiyi ikinci adlar mövcud deyil. Nazirin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasını istərdim”.

Xarici işlər naziri qeyd edib ki, Azərbaycanın ərazisində suverenliyinə ciddi təhdid mənbəyi olan qanunsuz silahlı birləşmələrə qarşı əməliyyat keçirmək hüququ var: “Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini gözləməklə bunu edib”.

Ceyhun Bayramov nəzərə çatdırıb ki, Almaniya XİN başçısının Ermənistanda Qarabağdan gedən insanlarla görüşməsi normal qarşılanır: “Ancaq Azərbaycanda Ermənistandan köçən azərbaycanlıların sayı 10 dəfə çoxdur. Nazir o insanlarla görüşsə, daha çox məlumat əldə edə bilərdi”.

Annalena Berbok isə qeyd edib ki, bu gün Ermənistandan köçən azərbaycanlılarla da görüşüb: “Yəni hər iki ölkədən köçmüş insanlarla görüşmüşəm”.

Qeyd edək ki, Almaniya XİN başçısı mətbuat konfransında Şuşa ilə bərabər “Şuşi”, Xankəndi ilə bərabər “Stepanakert” adlarını işlədib.