Bütün dünyaya məlum olduğu kimi, 44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olundu. İki il əvvəl 27 sentyabr tarixindən başlanan Vətən müharibəsində Azərbaycan elə ilk günlərdən qələbə qazanaraq torpaqlarını azad etməkdə davam edirdi və tariximizə ZƏFƏR yazdı. Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılması dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmişdir. Beynəlxalq hava limanlarının Füzulidə Beynəlxalq hava limanının, Zəngilan Beynəlxalq hava limanının istifadəyə verilməsi Azərbaycanın nəhəng quruculuq işlərinin həyata keçirməsindən xəbər verir. Bu Azərbaycanın gücünün göstəricisidir. Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı layihələri ilə sözünü deyir.

Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək və s. məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Sərəncama əsasən, qayıdışla bağlı təsbit olunmuş strateji istiqamətlər üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcəkdir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə təsdiq edilmiş iqtisadi rayonların yeni bölgüsünə uyğun olaraq Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.

 

Mirzəyeva Aytac

Nəsimi rayon sakini