Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilmiş və Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi, digər dövlət başçılarını qarşıladı və Zirvə görüşünü açaraq qonaqları salamladı. Həmçinin görüş zamanı Kasım Jomart Tokayev  Prezident İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etmişdir. Daha sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündəki çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açmış və Azərbaycan xalqının Türk dünyasında layiqli yer tutduğunu vurğulamışdır. Bununla yanaşı Şavkat Mirziyoyev Avqust ayında Azərbaycana səfər etmişdir. O, Şuşa və Füzuli şəhərlərində olub,  irimiqyaslı quruculuq işlərinin, dağıdılmış mədəni irs obyektlərinin bərpasının şəxsən şahidi olmuşdur. Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev son iki il ərzində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər edib. Türk  dövlətlərinin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.

Türk dövlətləri ilə münasibətlərin inkişafı Azərbaycanın mühüm xarici siyasətlərindən biridir. Dilimiz, ortaq keçmişimiz, etnik köklərimiz buna əsas səbəblərdəndir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi üçün öz töhfəsini verib. Türk Şurasının yaradılması ilə bağlı sazişin  ölkəmizdə imzalanması məhz həmin töhfələrdən biridir.

 

Nənəxanım Məmişova

Bakı Qızlar Universiteti