Şuşada 5 nəfərin öldüyü yol qəzasında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Heftelik.az-a bildirilib ki, Şuşada baş vermiş qəza hadisəsi zamanı xəsarət almış Sabirabad rayon sakini noyabrın 4-də, saat 22:00 radələrində təcili və təxirəsalınmaz tibbi yardım avtomobili vasitəsilə Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə gətirilib.
Pasiyentin vəziyyəti ağır olduğu üçün ilkin yardım göstərildikdən sonra dərhal Nərimanov Tibb Mərkəzinin tabeliyində olan Yanıq Mərkəzinə təxliyə edilib. Yanıq Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentə sifətin, bədənin müxtəlif nahiyələrinin 3-cü və 4-cü dərəcəli yanığı nəticəsində yanıq şoku, eyni zamanda sağ said sümüyünün sınığı və çıxığı diaqnozu qoyulub.
Hazırda pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilir və Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
***
saat 12.25
Şuşa rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, , hadisə rayonun Daşaltı kəndində qeydə alınıb.
Elvin Abbasovun idarə etdiyi “Nissan Navara” markalı avtomobil noyabrın 4-də, axşam saatlarında idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və avtomobildən yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.
Sürücü isə ağır yanıq xəsarətıəri ilə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, baṣ vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hazırda istintaq davam etdirilir.
Qeyd edək ki, qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərinin birinin əməkdaşlarıdır.