Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda konfrans keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək 44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımızın düşmən işğalından azad olunduğunu, xalqımızın Zəfər tarixinin böyük yol keçdiyini, bu uğurlu yolun Ulu Öndər Heydər Əliyev tərəfindən başlandığını və onun müdrik siyasətinin layiqli davamçısı Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Daha sonra şəhid atası Məhəmmədəli Əliyev, Ucar şəhər 3 nömrəli tam orta məktəbin direktoru Anar Misirov, Təzə Şilyan kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Əliyeva, Ucar şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Elvin Abdulov mövzu ətrafında çıxış ediblər.