Ünvanlı sosial yardımları daim vermək olmaz. 1 il verilir, sonra gərək həmin adamlar işləsin.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov bildirib ki, adamları ələbaxımlı öyrədə bilmərik: “Bu vəsait yarım milyarda gəlib çatıb. Bu gün ÜDY-ə ehtiyacı olanlara bu pul verilməlidir. Ehtiyacı olmayanlara bu pul verilməməlidir, bu sahədə islahatlar getməlidir”.
O qeyd edib ki, İpoteka şərtləri dəyişdirilməlidir. Bakı ilə rayonlarda ipoteka şərtləri fərqli olmalıdır. Çünki rayonda, kənd yerində olan gəlirlə hazırkı ipoteka şərtləri ilə ev almaq olmaz: “Güzəştli ipotekaya ilə bağlı evlər təkcə Bakıda tikilir. “Niyə? Bu evlər rayonda da, kəndlərdə də tikilməlidir. Camaat öz rayonundan, kəndindən ev alsın”.