“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsini icra edən birinci vitse-prezident Samir Rzayevin ilk addımının reklamına başlanılıb.
Heftelik.az-ın məlumatına görə, Samir Rzayevin göstərişi ilə hava limanı ərazisində minik avtomobillər üçün parklanma qiymətini qaldırılıb.
Yeni qiymətlərin “şahidi” olan jurnalist Emil Quliyev paylaşımında bildirmişdi ki, AZAL-ın təzə rəhbərliyi islahatlara “parkovka”-dan başlayıb, standart 24 saat üçün 5 manatın üstünə hər yeni gün üçün 15 manat təyin ediblər. Nə gözəl…”.
Bu gün isə yeni qiymətlərlə bağlı mətbuata reklam xarakterli məlumat verilib. Qeyd edilib ki, 07 noyabr 2023-cü il, Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportu ziyarətçilərinə nəqliyyat vasitələrinin sürətli giriş-çıxışını və parklanma üçün rahat ödəniş üsullarını təmin edən innovativ xidmət təqdim edir. Artıq parkinq haqqını həm ödəniş terminallarında, həm də onlayn şəkildə ödəmək mümkündür. Bunun üçün ziyarətçilər avtomobillərini tərk etmədən mobil cihazları vasitəsilə “Tezödə” və “AzParking” platformalarından istifadə edə bilərlər.
Həmçinin parklanma üçün ödənişi hava limanında yerləşən ödəniş terminallarında nağd və nağdsız (bank kartları ilə) həyata keçirmək mümkündür. Hava limanına giriş/çıxışda plastik kartlardan istifadə ləğv edilib və əvəzində nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının avtomatik tanınması sistemi tətbiq edilib. Bu isə prosesi rahat və sürətli edərək sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır.
Bununla yanaşı, ərazinin ziyarətçilər tərəfindən daha səmərəli istifadəsi üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun inkişaf strategiyası çərçivəsində perspektivdə parklanma zonasının genişləndirilməsi və əlavə yerlərin tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, istifadəçilərinin əksəriyyəti nəqliyyat vasitələrini qısamüddətli – 2 saata qədər park edənlər təşkil edir. Bunu və hazırda dayanacaq yerlərinin məhdudluğunu nəzərə alaraq Bakı hava limanı prioritet olan qısamüddətli istifadəçilər üçün daha çox parklanma yerlərinin təmin olunmasına çalışır. Buna əsasən yalnız uzunmüddətli park edilmiş nəqliyyat vasitələri üçün 07.11.2023- il tarixindən tariflərə dəyişikliklər edilir, lakin qısamüddətli istifadəçilər üçün tariflər dəyişməz olaraq qalır.
Yeni sistemin tətbiqi ilə bağlı suallar yarandığı təqdirdə ilkin mərhələdə məsul əməkdaşlar ərazidə ziyarətçilərə lazımi dəstək göstərəcək və ya https://airport.az/az/transport/parking/ linkinə keçid edərək əlavə məlumat əldə etmək mümkündür.
Xatırladaq ki, ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb edilmir. Sərnişinlərin gediş/gəliş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi zolaqlar – “drop off”/ “pick up” onların ixtiyarındadır.
Xatırladaq ki, sentyabrın 1-də Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.
Sentyabrında Samir Rzayev Milli Məclisin bir qrup deputatı ilə də görüşmüş, AZAL-ın 30 təyyarədən ibarət hava donanması və iki təyyarəli park yaratmaq niyyətini bəyan etmiş, sərnişinlərin şikayətləndiyi aviabiletlərin qiymətinin azaldılıb-azaldılmayacağı barədə isə konkret fikir bildirməmişdi.
Görüşün və görüşün fonunda Samir Rzayevin mediada geniş reklamı aparılmışdı…