Nazirlər Kabineti “Tibb müəssisələrinin akkreditasiyası Qaydası”nda dəyişiklik edib.

Heftelik.az-ın məlumatına görə, bu Qayda və mülkiyyətindən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi qaydasını müəyyən edir.

Qüvvədə olan Qaydaya əsasən, akkreditasiya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaratdığı Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası tərəfindən həyata keçirilib.

Dəyişikliyə əsasən, akkreditasiya Səhiyyə Nazirliyinin yaratdığı Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası tərəfindən həyata keçiriləcək.

İndiyə qədər Komissiyanın tərkibi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəhbəri tərəfindən təsdiq edilib. Bundan sonra Komissiyanın tərkibi Səhiyyə Nazirliyinin rəhbəri tərəfindən təsdiq ediləcək.