Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 noyabr – Zəfər Günü” ilə əlaqədar rəsmi yığıncaq keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları, Qarabağ Müharibəsi əlilləri, Şəhid ailələri, Veteranlar, rayon ictimaiyyəti, rayon ziyalıları iştirak edib.
Tədbirin əvvəlində “8 noyabr – Zəfər Günü” ilə əlaqədar hazırlanmış sərgiyə baxış keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimizin qazandığı hərbi zəfər Azərbaycanın müstəqillik tarixinin mühüm əhəmiyyətli hadisələrindəndir. Tarixə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirilib, Azərbaycan torpaqları işğaldan azad olunub. Döyüş meydanında qazanılan böyük Zəfər siyasi-diplomatik müstəvidə də təsdiqlənib, Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla Azərbaycana qaytarılması nəticəsində tarixi ədalət bərpa olunub. Bu gün Azərbaycan bayrağı Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır.
Daha sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, şəhid anası Xəysə Cavadova, şəhid atası Məhəmmədəli Əliyev, Vətən müharibəsi əlili Ayaz Həsənli, Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Ucar rayon şöbəsinin sədri Niyaz Xəlilov mövzu ətrafında çıxış ediblər.