Hər bir təşəbbüs və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib.
Ana yurdumuz – doğma Azərbaycanımız bu günlərdə Zəfər bayramını qeyd etmək ərəfəsindədir. Zəfər – dedikdə cənab prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət və şücaətli ordumuzun qəhrəmanlığı gözlərimiz önündə canlanır. Prezident İlham Əliyev siyasətinin ana xəttini hər zaman Azərbaycanımızın ərazi bütövlüyü təşkil etmişdir. Düşmən əsarətində olan torpaqlarımızın azad edilməsi üçün güclü, müasir silahlarla təchiz edilmiş ordunun formalaşması əsas istiqamətlərdən biri olmuşdur. Tarixən bilirik ki, dövlətin gücü onun iqtisadiyyatı ilə sıx bağlıdır. Gücünü bərpa edən tənzimləyən dövlətin beynəlxalq nüfuzu da güclü olar.
Azərbaycan müstəqillik dövründə həmişə güclü təşkilatların, beynəlxalq qurumların üzvü olmuşdur. Öz sözünü, tərəfini bəyan etmiş, sülhün tərəfdarı olduğunu bildirmişdir. Lakin zaman – zaman ölkə, xalq olaraq ədalətsizliyin mövcudluğunu görmüşük. Məhz buna görə də son 10 il ərzində uzaqgörən prezidentimiz Azərbaycanın ərazi bütövlüyünü özünün həll edəcəyini vurğulayırdı. Qərb torpaqları Zəngəzuru, Ağrıdağı, İrəvan yaylaqlarını əhatə edən yurdumuz tarixən düşmənin məkrli siyasətinin hədəfinə çevrilmişdir. Soydaşlarımız dəfələrlə öz yurd – yuvalarından didərgin salınmış, soyqırıma məruz qalmışdır. Bu hal 1988 – ci ildən daha kəskinləşmişdir. “Böyük Ermənistan” yaratmaq xülyasına düşmüş qəsbkarlar haqsız yerə 20% çox ərazilərimizi 90 – cı illərin əvvəllərində işğal etmişdir. Bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşmüşdür. Dövlətimiz 30 ilə yaxın belə bir şəraitdə öz ərazi bütövlüyünün təmin olunacağını gözləmişdir. Lakin Prezidentimiz İlham Əliyevin vurğuladığı kim bu haqq işini özümüz həll etməli idik. 2020- ci ilin sentyabrın 27-si “İrəli” əmri ilə ordumuz , igidlərimiz döyüş meydanına atılmış, cəbhə boyu əks hücum əməliyyatları tətbiq edilmişdir.
Prezidentimiz İlham Əliyevin “Dəmir yumruq” siyasəti bir gecənin içərisində xalqımızı, ordumuzu bir bayraq altında birləşdirmişdir. Minlərlə oğul ordu sıralarına yazılmış, bütün vətəndaşlarımız birgəlik nümayiş etdirmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət artıq ordumuz irəlilədikcə özünü göstərməyə başlamışdır. Cəmi 44 gün ərzində həm döyüş xəttində, həm siyasi arenada Azərbaycan öz sözünü dedi. 30 ilə yaxın lövhələrdən asılan işğal olunan ərazilərimizin cədvəlini Zəfər dolu, şanlı qələbə cədvəlimiz əvəzlədi. Qürurla fəxrlə deyirik ki, biz bir millət olaraq ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasətinin altında güclü ordumuzla torpaqlarımızı azad etdik. Təqvimimizə Qələbə günü yazıldı. 8 noyabr – gözəl Şuşamızın azad olunduğu tarix.10 noyabr tarixində Ermənistan rəsmi şəkildə üçtərəfli bəyanatın imzalanması ilə çökdüyünü bildirdi. Azərbaycanımızın digər torpaqlarını (Ağdam,Kəlbəcər və Laçın) qeyri-şərtsiz boşaldacağına söz verdi. 10 dekabr tarixində keçirilən Zəfər paradımız həqiqətən Qələbə diplomatiyasının bariz nümunəsi idi. Xalqımız “Qarabağ Azərbaycandır”- deyən Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşdi . Haqq müharibəsində bizi dəstəkləyən ölkələri heç vaxt unutmayacaq. Dövlətimiz qardaş Türkiyəmizin mərhəmətli əllərini həmişə öz çiyinlərində hiss edəcəkdir. İkinci Qarabağ müharibəsi xalq olaraq birliyimizi daha da gücləndirdi. Bizə qələbə sevincini yaşadan igid şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik. Bu gün Zəfər muzeylərini, Qənimətlər parkını qürurla ziyarət edirik. 2023-cü ilin sentyabrında baş verən antiterror əməliyyatı nəticəsində tarixi torpağımız Xankəndimizi də geri qaytardıq. Oktyabrın 15-də Xankəndində bayrağımız dalğalandı. 8 noyabr – Zəfər günümüzdə Zəfər paradımız da Xankəndində keçiriləcəkdir. Biz Qarabağımızı dirçəldirik . Qarabağımızda quruculuq tədbirləri uğurla həyata keçirilir.
Yaşasın bütöv, müstəqil Azərbaycanımız! Yaşasın bizə bu sevinci yaşadan cənab prezidentimiz və müzəffər ordumuz!
Leyla Mənsimova
Nəsimi rayon 164 nömrəli tam orta məktəbin müəllimi