Qürurverici haldır ki, artıq Azərbaycan Respublikasının Dövlət Bayrağı işğaldan azad olunmuş bütün rayonlarda dalğalanır
Azərbaycanın Dövlət Bayrağının dalğalandığı hər bir məkan bizim qürur yerimizdir. Çünki dövlət bayraq həm də Vətəndir. Dövlətin əsas atributu olaraq bayraq təsis olunur. Bayraq həm də bir xalqı birləşdirərək milli ruh yüksəkliyi yaradan, mübarizəyə aparan milli iftixar rəmzidir. Bir dövlət bayrağı harada ucalırsa, bütün xalq özünü orada görür. Azərbaycanda 9 noyabrda Dövlət Bayrağı Gününün qeyd olunması da dövlətin və xalqın bayrağına olan ehtiram əlamətidir. Tarixə nəzərə salsaq görərik ki, Azərbaycanın Dövlət Bayrağının 100 ildən artıq yaşı var. Yəni nə vaxt Azərbaycan müstəqil olubsa, dövlət bayrağımız da o zaman yaranıb. Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Xatırladaq ki, 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasından götürülən üçrəngli Dövlət bayrağı 2018-ci ildə yenidən öz Vətəninə qaytarılıb. Dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə – Azərbaycana gətirilməsini əlamətdar hadisə idi. Məlumat üçün bildirək ki, bolşevik işğalından sonra nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti nümayəndələrinin əksəriyyəti Türkiyəyə mühacirət edib. İctimai xadim Mirzə Bala Məmmədzadə də onlardan biri idi. O, 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını da özü ilə qardaş ölkəyə aparmışdı. Mühacir həyatı sürən Mirzə Bala Məmmədzadə yaşadığı ölkələrdə – İranda, Türkiyədə, Polşada və Almaniyada bu bayrağı göz bəbəyi kimi qoruyub saxlamışdı. Onun varisi bu bayrağın İstanbulda təhsil alan və Cümhuriyyətlə bağlı tədqiqat aparan Əfqan Vəliyevə verilməsini və doğma Vətənə – Azərbaycana qaytarılmasını vəsiyyət etmişdi.
Müasir Azərbaycan xalqı tarixinə, dövlət bayrağına sayğı nümayiş etdirir. Müstəqilliyimizin ilkin addımları da elə məhz Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının ölkəmizdə dalğalanması ilə başlamışdır. Bu bayraq milli azadlıq hərəkatının mənəvi olaraq hərəkətverici qüvvəsi olmuşdur. Həmin illərdə ulu öndər Heydər Əliyev ali siyasi iradənin təcəssümü olaraq tarixi təşəbbüs irəli sürmüşdür. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Ümummilli lider Heydər Əliyev o günü belə xatırlayırdı: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ kommunist partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılsın. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunsun – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır”.
Bu siyasi yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident dövlətin tarixi keçmişinin unudulmasına imkan vermir. Məhz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu, Azərbaycanda dövlət rəmzinə hörmət və ehtiram nümunəsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Prezident İlham Əliyev demişdir ki, bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”. Məhz bu sadiqlik nümunəsi olaraq artıq 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ölkəmizdə çox böyük coşğu ilə qeyd edilir. O günü ölkənin bütün şəhərləri üçrəngli bayrağımızla bəzədilir. Qürurverici haldır ki, artıq Azərbaycan Respublikasının Dövlət Bayrağı işğaldan azad olunmuş bütün rayonlarda dalğalanır. Ən sevindirici haldır ki, xalqımızın vaxtilə ürəyinin yaralı bir parçası olan Xankəndinə, burada dövlət bayrağımızın dalğalanması sanki məlhəm oldu…
Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri