Tarix boyu Azərbaycan xalqı həmişə əmin-amanlığın tərəfdarı olub. Lakin səbrin də bir həddi-hüdudu olur. İşğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Təbii  ki, müharibənin hər dəqiqəsi, hər saatı qan-qada, ölüm – itimdir. Ona görə 44 gün davam edən Vətən müharibəsi əslində  müasir dövr üçün qısa müddət deyil.  Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarə” ifadəsi ordumuzu  hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi.  Bu taleyüklü günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhval-ruhiyyənin cazibəsinə düşüb qələbəmizin hər gün, hər an yaxınlaşdığına əmin olduq.

Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də  canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük  sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Azərbaycanın apardığı müharibə ədalətli və  müqəddəs Vətən müharibəsi idi. Eyni zamanda bu savaş  şərlə xeyir qüvvələrinin mübarizəsinin məntiqi yekunu idi.  Ordumuzun əks-hücum əməliyyatları  zamanı döyüş taktikası ilk gündən hərb tarixi üzrə tanınmış mütəxəssislərin və  ekspertlərin diqqətini cəlb etdi. Silahlı Qüvvələrimiz döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi.  Dünyanın 50 ən güclü silahlı qüvvəsi sırasında yer alan Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən, sarsıdıcı zərbələr altında geri çəkilən işğalçı Ermənistanın silahlı birləşmələri yenə də öz çirkin ənənələrinə sadiq qalaraq müharibə cinayətləri törətməkdən çəkinmədilər. Erməni faşistləri beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhalini və infrastrukturu hədəfə alıb qadağan edilmiş kütləvi qırğın silahlarından istifadə etdilər. Cəbhədən kənarda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Daşkəsən, Xızı və Siyəzəni, cəbhəyanı Tərtər, Bərdə, Goranboy, Beyləqan və Ağcabədini müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində  azyaşlı uşaqlar, məktəbli yeniyetmələr daxil olmaqla  yüzdən çox dinc sakinimiz erməni terrorunun qurbanı oldular. Bu hərbi cinayətlər və terror aktları Azərbaycan xalqının məğrurluğunu və iradəsini qıra bilmədi. Qəlbində Vətən sevgisi yaşadan igidlərimiz   mənfur düşmənin layiqli cavabını verdilər.

Bu Vətən müharibəsində Müzəffər Ordumuzun qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyuruq. Əlbəttə, zaman ötdükcə dövlətimizin və ordumuzun bu tarixi Qələbəsinin bütün tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacaq, bunu daha ətraflı dərk edəcəyik.

Sözsüz ki, biz bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni  tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Bu, Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən Qələbə kimi tariximizə həkk olundu.

 

Billurə Hüseynli

Nəsimi rayon sakini