Hələ çar Rusiyası zamanında əzəli Azərbaycan torpağımız olan Qarabağa köçürülən ermənilər təxribatlar törətmiş, ərazilərimizi ələ keçirməyə çalışmışdı. Öz mənfur niyyətlərini həyata keçirərkən on minlərlə dinc azərbaycanlı əhali soyqırıma məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdi. Sovet hakimiyyəti dövründə isə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmişdi .Nəhayət, hadisələr Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağın işğal edilməsi, azərbaycanlıların doğma yurd-yuvalarından didərgin salınması, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurulması ilə nəticələnmişdi.
1988-ci ildən başlayan Dağlıq Qarabağ münaqişənin nizamlanması üçün ATƏT Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmışdı. Deməli, beynəlxalq riyakarlıq, ikili standartlar siyasəti və Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.
Beynəlxalq birliyin ədalətsiz mövqeyinə baxmayaraq, Prezident İlham Əliyevin dövlət siyasətində işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə mütləq prioritet və strateji hədəf idi. O, qələbə üçün lazım olan hər şeyi etdi. Ölkənin hərbi qüdrətini artırdı, iqtisadi inkişafı təmin etdi, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığa nail oldu.
Nəhayət tarixi qələbənin başlandığı gün çatdı. Ermənistanın 2020-ci il 27 sentyabr tarixindəki təxribatlarına cavab olaraq, Ali Baş Komandanın “İrəli” əmrini verməsilə bütün cəbhə boyu əks-hücum əməliyyatı başladı. “Dəmir yumruq” – xalq və ordu birliyilə Zəfər salnaməsi yazıldı.
44 gün ərzində Qələbə təqvimimiz yarandı. ”Qarabağ Azərbaycandır! şüarı ilə bitən sevindirici xəbərlərlə yola saldıq hər bir günü. 27 sentyabrdan-9 noyabradək olan günlər ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Zəfərimizin zirvəsi olan Şuşa şəhəri və yüzlərlə kəndlərimiz azad olundu. Rəsmi İrəvanın kapitulyasiyasının təcəssümü olan üçtərəfli bəyanatla noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Bəyanata əsasən 20-25 noyabr və 1 dekabr tarixlərində Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycan Silahlı Qüvvələrinə təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Ərazi bütövlüyümüz bərpa edildi.
Qəhrəman hərbçilərimizin şücaəti, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Ermənistanın silahlı qüvvələrilə bərabər, Erməni mifi də məhv edildi. Cəmi 44 gün ərzində Ermənistanın ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
Qələbəni təmin edən milli və siyasi birlik yarandı. Azərbaycan-Türkiyə birliyi Şuşa bəyannaməsilə tamamlandı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu. Qələbə diplomatiyasını bərqərar etdi.
Bu gün Böyük Zəfərdən sonra azad edilmiş şəhərlərimiz, kəndlərimiz yenidən qurulur. Böyük Qayıdış strategiyasına uyğun olaraq öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə qaytarılır.
Bu gün 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması, süverenliyimizi və ərazi bütövlüyümüzü təmin edən 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı dalğalanır.
Bu gün illərlə gözlədiyimiz tarixi ədaləti bərpa edən Zəfər salnaməmiz yazılıb. Şəhidlərimiz, Zəfər paradı, Hərbi Qənimətlər parkı Zəfər salnaməsində qürur yerimizə çevrilib.
Elsevər Məmmədov
İlyas Əfəndiyev adına Elitar gimnaziyanın Tarix müəllimi