Xülasə: Məqalədə Azərbaycanın dövlət bayrağının müqəddəsliyi, onu tarixi yolu haqqında məlumat verilmiş, Azərbaycan Respublikasının dövlət bayrağı günü haqqında söz açılmış, müqəddəs bayrağımızla bağlı şeir nümunələri təqdim edilmişdir.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.
Bəli. Həqiqətən də belədir. Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin də dediyi kimi bayraq bizim mənliyimiz və kimliyimizdir. Bizim bu əzəmətlə və vüqarla başımızın üzərində dalğalanan həmin bayraq sadəcə parça və rənglərdən ibarət deyildir. Bu bayraq şəhidlərimizin qanı ilə rənglənmiş, analarımızın göz yaşları ilə yuyulmuşdur. Bu bayraq bizim türk olmağımızın nişanəsi, müstəqilliyimizin ən ali rəmzidir. İslam dininə mənsubluğumuzu ifadə edən ən gözəl vasitədir. Bayraq bizim fəxrimiz, qürurumuz, namusumuzdur. Biz onun uğrunda canımızı verməyə hazır olmalı, onun vətənimizin bu gözəl səmasında əzəmətlə dalğalanması üçün çalışmalıyıq. Bu bizim borcumuzdur və daima belə olacaqdır. Azərbaycan xalıq öz bayrağını daima uca görmüş, onu başı üzərinə qaldırmışdır. Bunun nəticəsidir ki, biz artıq müstəqil, dəyərlərini qorumağı bacaran və müqəddəs bayrağına, torpağına sahib çıxmağı bacaran bir xalq olduq.
Ali Baş Komandanımızın, müzəffər və yenilməz ordumuzun, eyni zamanda xalqımızın bayrağa olan sevgisindən irəli gəlir ki, bu gün bayrağımız işğaldan azad edilən torpaqlarımızda zirvələrə yüksəlir. Bu bizim üçün böyük fəxarətdir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin il 9 noyabr tarixində bayraq ilk dıfı olaraq Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1920-ci il aprelin 28-də cümhuriyyətin süqut etməsi və Azərbaycan sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilib. Üçrəngli bayrağımız ilk dəfə 70 il sonra 1990-cı il noyabrın 17-də Ulu Öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin Sessiyasında qaldırılıb.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-u il 17 noyabr tarixində imzaladığı sərəncama əsasən hər il 9 noyabr ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Sərəncama əsasən 9 noyabr tarixi qeyri-iş günü kimi qeyd edilmişdir.
Hal-hazırda da bu bayram hər il olduğu kimi böyük bir coşqu, vətənpərvərlik, qürur və sevinc hissi ilə qeyd edilir, bayrağımızın müqəddəsliyi və onun tarixi yolu Azərbaycan xalqına təkrar-təkrar aşılanır. Bayraq haqqında yüksək vətənpərvərlik hissi ilə yazılmış gözəl şeir nümunələri yazılır və söylənilir. Bayrağımız hal-hazırda işğaldan azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalanır, biz isə bununla qürur hissi duyuruq. Məqaləni əvvəldə də olduğu kimi bu mövzuda yazılmış gözəl şeir nümunələrindən biri olan, Dayandur Sevginin “Azərbaycan bayrağı” şeirindən bir parça ilə bitiririk:
Millətimin fəxridi, haqq gedən yoludur,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstqillik günəşi, azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!
Ayşən Qədirova
Bakı Qızlar Universiteti