Bizim bayrağımız qürur mənbəyimizdir.
İlham Əliyev
Əvvəlki yazılarımda qeyd etdiyim kimi, döyüşçü ailəsi, qazi bacısıyam. Vaxtaşırı bir yerə yığışanda söhbət edəndə hər iki döyüşçü (həyat yoldaşım və qardaşım 1-ci Qarabağ müharibəsi döyüşçüsüdür) cəbhə yoldaşlarını xatırlayır, keçdikləri döyüş yolundan, iştirak etdikləri döyüşlərdən danışırdılar.
Hər dəfə də həyat yoldaşımın ürək yanğısı ilə dediyi: “Heyf, necə igid oğullar şəhid oldu, amma heç torpaqlarımızı qaytara bilmədik” – sözləri mənim də ürəyimi ağrıdırdı. Mən də bir müəllim inamı ilə:
– Narahat olma, belə qalmaz, geci-tezi var, ataların goruna qurban olum, “Özgə atına minən tez düşər” – deyiblər, çox çəkməz, yurdlarımız özümüzə qayıdar.
İnşaallah, – dedim
O da ümidsizcəsinə: “İnşaallah” – dedi.
Amma ona təskinlik üçün dediyim bu sözlərə özüm daha çox inanırdım, bilirdim ki, gec, ya tez ilahi ədalət bərpa olunacaq, haqq öz yerini tapacaq…Tapdı da!…
2020-ci ilin sentyabrın 27-də müharibənin başlanması xəbərini eşidəndə gözlərində bir sevinc işartısı gördüm, mənim analıq hissim məndə haradasa kövrək duyğular oyatdı:
“Axı, cavanlarımız şəhid olur,- dedikdə, mənə sərt şəkildə:
– Bəs nə edək? Torpaqlarımız bundan sonra daha bir otuz il də işğal altında qalsın?—dedi. “Çox düzgün qərar verdi Cənab Prezidentimiz, Allah onu, ordumuzu qorusun!
Men bu yaşımda dövlətimiz, dövlətçiliyimiz, Prezidentimiz uğrunda sinəmi, lazım gəlsə, güllə qabağına verərəm…”
Men onun üzündəki qürur, fəxr hissini gördüm.
Döyüş təcrübəsinə görə cəbhə yoldaşlarının “qoca qurd” adlandırdıqları bu insan, uzun müddət təzyiq xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, sanki “ov üstünə atılmağa hazırlaşan şirə” dönmüşdü…
44 günlük Vətən müharibəmizin bir anını belə gözdən qaçırmır, hər gün Ali Baş Komandanımızın xarici jurnalistlərə verdiyi müsahibələri diqqətlə izləyir, azad olunmuş torpaqlarımızın müjdə xəbərini çox böyük sevinvlə qarşılayır, ordumuzun uğurlu əməliyyatları ilə fəxr edirdi.
2020-ci ilin oktyabrın 9-da 6-cı sinifdə dərsdə idim, evdən mənə zəng vurdu: “Gözümüz aydın, Hadrut işğaldan azad olundu!…”
“Var olsun Ali Baş Komandanımız, ordumuza eşq olsun!..”
Men de bu sevincimizi şagirdlərimlə bölüşdüm, onları təbrik etdim.
Her bir sinifdə olduğu kimi, bizim sinifdə də üçrəngli bayrağımız asılmışdı.
Bu zaman arxa cərgədən Pahib adlı bir şagird: “Müəllimə, olar, gəlim bayrağımızı öpüm?”
Həm aldığım müjdə xəbərinin sevincindən, həm də şagirdimizin belə vətənpərvər davranışından qəhər məni boğdu, sevinc gözyaşları içində:
– Oğlum, əyləş, tənəffüsdə bayrağımızı öpərik, – dedim.
Zəng vurulan kimi 11 şagirdin hamısı(pandemiya olduğu üçün sinif yarıya bölünmüşdü), eyni zamanda, mən bir-bir bayrağımızı öpüb, çıxdıq. Bu davranışlarına görə mən onlara təşəkkürümü bildirdim.
Həmin gün bir tarix yaşadıq. Menim fikrimcə, o şagirdlər heç vaxt körpə ürəklərində həmin anda baş qaldıran bayraq sevgisini silə bilməyəcəklər.
Bu, mənim də müəllimlik həyatımda silinməz izlərdən biridir.
İndi azad olunmuş bütün yurd yerlərimizdə qürur, fəxr yerimiz olan üçrəngli bayrağımız dalğalanır.
Sözlərimin yekunu olaraq İstiqlal şairi Mehmet Akif Ersoyun ölməz misralarını bir daha xatırlatmaq istəyirəm:
Qorxma, sönməz bu üfüqlərdə süzən al sancaq,
Sönmədən yurdumun üstündə tütən en son ocaq,
O mənim millətimin yıldızıdır, parlayacaq,
O mənimdir, o mənim millətimindir ancaq!!!
Rəfiqə Hüseynova
Nəsimi rayon 54 Nömrəli tam orta məktəbin müəllimi