Bayraq öz yurduma öz hakimliyim.
9 noyabr Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla əlaqədar Bayraq günü kimi qeyd olunur. Bu günün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə “Milli Azərbaycan Hərəkatının xarakteri” adlı məqaləsində yazırdı: “Milli ideoloji mənşəyi etibarı ilə Azərbaycan hərəkatı Şərqdəki milli qurtuluş ideyaları ilə, Qərbdə demokratiya cərəyanlarını özündə birləşdirən bir hərəkatdır”.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 1990-cı ilin noyabrın 17-də keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.
3 rəngdən ibarət olan müstəqilliyimizin rəmzi Bayrağımızdır. Üzərindəki ay, ulduz, göy, qırmızı, yaşıl- hər biri bir mənanı ifadə edir.
Böyük yazıçı C.Cabbarlı şeirlərinin birində yazırdı:
Bu ay, ulduz boyaların qurultayı nə demək,
Bizcə belə söyləmək.
Bu göy boya – göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı.
Yaşıl boya – islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı.
Bu al boya – azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Göy rəng türkçülüyümüzü, qırmızı rəng müasirliyimizi, yaşıl rəng islam dininə mənsubluğumuzu bildirir.
Qırmızı rəng üzərində ay ulduzla bağlı müxtəlif fikirlər vardır.
Bəzi izahlarda səkkiz guşəli ulduz “Od Yurdu”nun səkkiz hərflə yazılışına işarədir. Böyük yazıçı C.Cabbarlı yazırdı: “Səkkiz künclü şu ulduz səkkiz hərfli Od yurdu”.
Bayraq bizim mənliyimi, bizim milli kimliyimizdir, onu qorumaq daima yüksəklərdə dalğalanması üçün hər şey etməliyik. Bu gün bu Bayraq Zəfər qoxur, Xarı bülbül qoxur. Həsrətini çəkdiyimiz diyarlarda vüqarla dalğalanır.
– Ulu Öndər Heydər Əliyev: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”;
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Aygün İsmayılova
Nəsimi rayon təhsil işçisi