enfiQarabağda təhlükəsizliyə nəzarəti Azərbaycan Ordusu öz üzərinə götürüb
3 il bundan öncə, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında Üçtərəfli Bəyanat imzalandıqdan sonra Ermənistan regional manevrlər etmək istədi. Bu baxımdan Ermənistana açıq şəkildə əsasən Fransa dəstək verirdi. Əlbəttə ki, buna Azərbaycan dərhal sərt reaksiya vermişdir. Prezident İlham Əliyev bu müddətdə dəfələrlə öz çıxışlarında Fransanın Qarabağ məsələsi ilə bağlı mövqeyini pisləmişdir. Məsələn, Prezident İlham Əliyev ötən ilin oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının çıxışında Fransanın Azərbaycana qarşı hərəkətlərinə də toxunub: “Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb. Bizə məlumdur ki, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Beləliklə, təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, – mənim isə Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi və Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, balanslaşdırılmış qəbul edirdik, – mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi”. Rusiyanın isə Azərbaycan və Ermənistan ilə bağlı yürütdüyü siyasət loyal xarakter daşısa da, Azərbaycana tərəf olduğu açıq görünürdü. Ermənistanın isə etmək istədiyi regional manervrlər tamam gözləmədiyi şəkildə daxili siyasətində öz mənfisinə işlədi. Amma Fransa bu baxımdan Ermənistana heç bir siyasi dəstək vermədi. Ermənistan bir növ meydanda tək-tənha qaldı. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətinin devrilməsi təhlükəsi qarşısında qaldı. Erməni baş nazir son zamanlar Kreml sahibindən kömək xarakterli çıxışlar edir. O, Rusiya prezidenti Vladimir Putinə dolayısı cavabları ilə müdafiə olunmağa çalışır. Bu gün erməni baş nazir Kremlin Ermənistanla bağlı siyasətindən və verilən ittihamlarından qorxuya düşüb. Yəni Rusiyanın orbitindən necə çıxıbsa, elə də geri dönmək qərarına gəlib. Amma necə deyərlər, Rusiya Paşinayının qələmini qırıb…
Ermənistanın sülh sazişi üzrə Azərbaycan variantını imzalamaqdan başqa çarəsi yoxdur. Bununla həm də Üçtərəfli Bəyanatın da müddəalarını da icra etmiş olar. Azərbaycan Qarabağ üzərində tam Qləbəyə nail oldu. Bundan sonrakı mərhələ sülh sazişinin imzalanmasıdır. Ermənistan isə hələ də buna hazır olduğunu bəyan etmir. Artıq vasitəçilərin bir vaxtlar Qarabağla bağlı vədlərinə heç bir ehtiyac yoxdur. Çünki Azərbaycan bütün bu vədlərin üstündən xətt çəkib. Bu gün Qarabağ məsələsi ilə bağlı ancaq Azərbaycan vəd verir: regionda sülh və təhlükəsizlik təmin olunmalıdır. Hazırda Azərbaycanın maraqlarına cavab verən nəticə əldə olunub. 10 noyabr Bəyanatı rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Erməni baş nazir necə Üçtərəfli Bəyanatı “dediklərinizi yazın, gətirin, mən də imzalayım” deyə qəbul etdisə, sülh sazişini də imzalanmaq üçün elə bir situasiya düşəcək. Lakin hər zamanki kimi Ermənistana özlərini vasitəçi kimi göstərən Fransa kimi Qərb ölkələri sülh üçün addım atmağa imkan vermirlər. Bu da Ermənistanın ən zəif yeridir. Artıq rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında bəslədiyi mif puç oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Amma Ermənistan üçün Qarabağ əldən gedib. Sülh sazişində Qərb hər hansı müdaxilə edə bilməyəcək. Azərbaycanın siyasi-iqtisadi və hərbi gücü Qərb dairələrinin regionda təsirini heçə endirib. Rusiyanın isə sülhməramlı qüvvələrinin mandatının uzadılması real görünmür. Əksinə Rusiya son zamanlar sülhməramlı qüvvələrini Qarabağdan geri çəkməyə başlayıb. Bu da gözləniləndir. Artıq Qarabağda separatçılar tərksilah edilib. Regionda bu baxımdan təhlükəsizliyə nəzarəti Azərbaycan Ordusu öz üzərinə götürüb.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi